BAKI, 18 noy — Sputnik. Noyabrın 17-də Parisdə Azərbaycanın Dostları Assosiasiyası Azərbaycanın Fransadakı səfirliyi ilə birgə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə bağlı tədbir təşkil edib. Bu barədə Sputnik-ə Assosiasiyadan məlumat verilib.
Əvvəlcə Fransanın müxtəlif dövlət qurumlarının, ictimaiyyətinin və xarici diplomatik nümayəndəliklərin təmsilçilərini iştirakı ilə qəbul mərasimi təşkil edilib. Qəbuldan sonra tədbirin növbəti mədəni hissəsi başlanıb. Tədbirin mədəni hissəsini açıq elan edən Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa milli assambleyasının üzvü Jan-Fransua Mansel Azərbaycanın dövlət müstəqilliyini əldə etmək üçün hansı əziyyətli yollardan keçdiyini, bütün çətinliklərə baxmayaraq bu gün regionun ən inkişaf etmiş ölkəsinə çevrildiyini diqqətə çatdırıb. O, bildirib ki, prezident Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan regionda və beynəlxalq aləmdə nüfuz sahibinə çevrilib.
J.F.Mansel daha sonra Azərbaycan-Fransa əlaqələrindən danışmış və iki ölkə arasında münasibətlərin daim inkişaf etdiyini qeyd edib. O, bir neçə illər öncə Azərbaycanın Fransada obyektiv və subyektiv səbəblər üzündən az tanındığını, lakin bu gün vəziyyətin köklü dəyişdiyini, Fransada ölkəmiz haqqında yüksək fikir yarandığını bildirib. Assosiasiyanın prezidenti ölkəmizin dostu olaraq bundan sonra da Fransada Azərbaycan həqiqətlərinin tanıdılması üçün bütün imkanlardan istifadə olunacağını tədbir iştirakçılarınn diqqətinə çatdırıb.
Tədbir daha sonra Azərbaycanın xalq artisti, qarmon ifaçısı Ənvər Sadıqov və əməkdar artist, caz ustası pianoçu Emil Əfrasiyabın ifasında konsert proqramı ilə davam edib. Onların ifasında zəngin Azərbaycan musiqiləri ifa edilib. Tələbkar publikanın davamlı alqışları ilə musiqiçilərimiz dəfələrlə səhnəyə çıxmalı olublar.