BAKI, 17 noy — Sputnik. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün yeni — 89-cu teatr mövsümündə 4-cü dəfə Beynəlxalq teatr festivalında iştirak etmək üçün səfərə hazırlaşır. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, bu dəfə kollektiv Moldova Respublikasının Kişinyov şəhərində keçirilən kiçik həcmli tamaşaların "MOLDFEST.RAMPA.RU" VIII Beynəlxalq Teatr Festival-laboratoriyasında iştirak edəcək.
Moldova, Belarus, Baltikyanı, Rusiya, İsrail, Serbiya və digər ölkə teatrlarının iştirak edəcəyi festivalda ölkəmizi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin "Kontrabas" mono-tamaşası ilə təmsil edəcək. Sözügedən səfər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq.
Qeyd edək ki, festivalın açılış mərasimi noyabr ayının 21-ə təsadüf edəcək. "Kontrabas" tamaşası noyabrın 24-də Moldova Dövlət Dram Teatrının səhnəsində nümayiş olunacaq.