Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan
BAKI, 17 noy — Sputnik. Ata qoşulmuş araba cırıltılı səs çıxarmaqla Bəhrəmtəpə-Biləsuvar magistralından Çaxırlı kəndinin təsərrüfat yoluna burulur. Qoşqudakı ağzı bağlı kisələrin üstündə iki kişi oturub, yanlarında iç-içə keçirilmiş vedrələr də var.
Yaxınlaşıb kim olmaları, nə daşıdıqları ilə maraqlanırıq. Arabadakı yaşlı kişi İmişli rayonunun Çaxırlı kəndindən olduqlarını, səpin işi aparmaq üçün pay torpaqları olan sahəyə getdiklərini deyir.
"Əkin sahəmiz kənddən bir neçə kilometr aralıdadır. Orada səpin aparmalıyıq. Kisələrdəki də elə toxumluq buğdadır. Palçıq olduğundan, bu yolu maşın gedə bilmir, ona görə yükü araba ilə daşıyırıq", — söyləyir.
Yadulla Əbilov ad-soyadlı bu kişidən onu da öyrənirik ki, səpin işini əllə görəcəklər: "Yer yaş olduğundan, texnika şuma girib batır, həm də xərcimiz çox çıxır. Ona görə də dəni əllə səpəcəyik. Başqa çarə yoxdur".
Maraq güc gəlir: əllə səpin necə aparılır? Bunu müşahidə etmək üçün arabanın ardınca düşüb, təxminən 2 kilometr yolu piyada getməli oluruq.
Şor suların axıdıldığı kollektorun hər iki tərəfindəki ucsuz-bucaqsız çöllərdə canlı həyat lövhələri görünür. Kimi mal-qara otarır, kimi yerini şumlatdırır.
Adamların bir-birini haylamağı texnikaların uğultulu səsinə, inəklərin böyürtüsünə, itlərin hürüşməyinə qarışmışdı. Duman çəkiləndən sonra yaxşı gün çıxmışdı. Payızda belə hava həmişə ələ düşmür.
Bundan istifadə etmək üçün hamı, necə deyərlər, itli-pişikli düzlərə tökülüb. Demə, toxumu əllə səpən tək Yədulla kişi deyilmiş — sahədəki xırda "adacıqlarda" içərisi dənlə dolu arabalar, səpin işi aparan adamlar görünür.
Toxumu özləri tutur, torpağa təbii gübrə verirlər
Nəhayət, Yədulla kişinin sahəsinə çatırıq. Kisələr arabadan yerə düşürüldükcə, çiynindən ağır yük götürülən at özünə gəlir, sinə dolusu nəfəs alır. Onu sahənin başındakı otlağa hörükləyirlər ki, qayıdanbaş yük çəkməyə yeni qüvvə yığsın.
Kisələrdən vedrələrə boşaldılan taxıldan toz qalxır. Yədulla kişi deyir ki, toxumluq buğdanı ötən ilin məhsulundan hazırlayıblar, üstəlik torpağa təbii gübrə verirlər.
"Buna "Bezos" sortu deyirlər. Məhsuldarlığı pis deyil — 30-35 sentner verir. Hər hektara 260-270 kiloqram arası toxum səpirik. Torpağa azot versək, məhsul daha çox olar. Amma gübrəni "Aqrolizinq"dən alıb sahəyə gətirib çıxartmaq baha başa gəlir. Ona görə də mal-qaranın peynini veririk".
Adamlar dolu vedrələri əllərinə götürüb şumlanmış sahənin bir tərəfində cərgə ilə dayanırlar. Aralarında, təxminən 2 metr məsafə olar. "Ya Allah" deyib ovuclarını dənlə doldurur, onu sağa və sola səpməklə irəliləməyə başlayırlar.
Bəri başa çatdırmağa toxum bəs etsin deyə bir gənc oğlan 2 dolu vedrə ilə onların arxasınca gəlir. Hər şey gözəyarı edilir və baxışla ölçülür. Hərdən Yədulla kişinin ucadan səsi eşidilir: "Bir az qalın səpin!"
"Torpaqla dolanmaq çətinləşir"
Kəndlilər ötən ilin subsidiyasını təzəcə aldıqlarını bildirirlər. Onlar dövlət dəstəyini təqdir etsələr də, bu pulun xərcləri tam qarşılamağa imkan vermədiyini söyləyirlər. Onların sözlərinə görə, 1 hektar yer 40 manata şumlanır, 25 manata malalanır.
Bu işlərin hər biri iki dəfə görülməlidir. Əgər səpin işini də texnika görsə, bu da əlavə 25 manat xərc aparar. Əkini dörd dəfə suvarır, hər dəfə 2 manat su pulu verirlər. Kombayn zəminin hər hektarını 40 manata biçir, bir dolu bunkeri həyətə 15 manata daşıyır.
Üst-üstə hesablayanda, 1 hektar sahədə buğda yetişdirib, onu aparıb qapıya çıxarmaq kəndliyə təxminən 200 manata başa gəlir. Bu xərcin 90 manatı dövlət tərəfindən ödənilir.
Yədulla kişi deyir ki, kəndlinin torpaqla dolanması get-gedə çətinləşir: "Texnikalarla görülən işlərin qiyməti qalxır, toxum bahalaşır. Nə əkirsən ək, qazancı çox olmur. Kənddə yaşayanların təkcə torpaqla dolanmaları mümkün deyil. Pay torpağını əkməyənlər də var".
Qazanc çox olmasa da, Yədulla kişi buğda əkməyi vacib bilir: "Xərcimizi bağlamaq üçün dənin bir hissəsini satırıq. Qalanını özümüzə, toyuq-cücəyə, mal-qaraya istifadə edirik, bir də növbəti ilin məhsulu üçün toxumluq tuturuq. Mağazadan un, çörək almırıq, dəni hissə-hissə aparıb dəyirmanda üyüdür, təndirdə çörək bişiririk. Arxayın oluruq ki, heç olmasa quru çörəyimiz var".