BAKI, 16 noy — Sputnik. Qızlarla sərbəst münasibətlər heç də həmişə cavan oğlanlar üçün kef və əyləncə kimi yadda qalmır. Misal üçün, 22 yaşlı Bakı sakini Vəliyev şantaj və hədə-qorxu obyektinə çevrildiyi üçün, qurduğu sevgi münasibətlərindən peşman olub.
Onun başına oyun açan isə, Masallı rayonundan gəlmiş bir qızdır. Bu barədə Sputnik-ə Bakı şəhəri Nəsimi rayonu 20-ci polis bölməsindən xəbər veriblər.
Vəliyev polisə müraciət edərək bildirib ki, Masallı sakini Nəsirova ona hədə-qorxu gələrək 6,8 min dollar tələb edib. Vəliyev həmin pulu taparaq Nəsirovaya verib.
Nəsirova Vəliyevdən hamilə olduğunu hər kəsə deməyə hazırlaşırmış və oğlanı da bu qorxudub. Lakin Vəliyev pulu verəndən sonra aldadıldığını və fırıldaq qurbanı olduğunu başa düşüb.
Polisdə bildiriblər ki, hələlik ifadələr alınır və heç kim fakt üzrə məsuliyyətə cəlb edilməyib. Eyni zamanda polis gənc oğlanın haradan 6,8 min dollar tapdığını aydınlaşdırmağa çalışır.