BAKI, 16 noy — Sputnik. Paytaxtdakı çoxmərtəbəli yaşayış binalarının mərkəzləşmiş istilik sistemi ilə təminatında bir sıra problemlər var. Elə götürək, soyuqların tez düşüb-gec istiləşməsindən asılı olmayaraq, mənzillərə ilin konkret tarixlərində istilik verilməsini. Sovet dövründən qalmış bu plan sistemi bugünkü reallıqlarla heç cür uyğunlaşmır. Amma əsas mövzumuz bu da deyil.
Hər il olduğu kimi, bu il də "Azəristiliktəchizat" Açıq Səhimdar Cəmiyyətinin qazanxanaları noyabrın 15-dən işə düşməli idi. Lakin, bu gün noyabrın 16-sı olmasına baxmayaraq, hələ də bəzi mənzillərə istilik verilməyib. Məsələn, Yasamal və Sabunçu rayonlarının sakinləri Sputnik-in redaksiyasına ünvanladıqları məktublarda bu problemdən şikayətlənirlər.
"15 noyabrda istilik veriləcəyini bildirmişdilər. Artıq 16 noyabr tarixini yaşayırıq, amma istilik verilməyib. Deyəsən, bu gedişlə heç vermək fikirləri də yoxdur", — Yasamal sakini Qəmər Cəlilova yazır.
Sabunçu sakini Aqil Bədəlov da analoji problemdən narazıdır: "Evdə körpə uşaq var. Havalar da dünəndən etibarən soyuqlaşmaqda davam edir. Elektriklə mənzili qızdırmaq olmur. "Azəristiliktəchizat" isə hələ də müdrikcəsinə susur".
Məsələ ilə bağlı Sputnik-ə açıqlama verən "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Rafiq Əliyev artıq binalara istilik verilməsinə başlanıldığını deyib: "Ola bilər, bəzi binalarda texniki problemlər var, ona görə istilik mənzillərə çatmır. Belə mənzillərin ünvanlarını öyrənib onlara kömək edə bilərik".
"Ümumilikdə isə, artıq biz qış mövsümünə keçmişik və mənzilləri istiliklə təmin edirik. Bəzi binalar qalıb ki, "Azəriqaz"la razılaşaraq onlara da istilik veriləcək", — ASC sözçüsü qeyd edib.
Borca görə istilik verilməməsi ehtimalına isə R. Əliyev belə münasibət bildirib: "İstilik 15 noyabrdan verilir, ayın sonundan isə verilən istiliyə görə artıq vətəndaşlardan pul alınır. Verilməyən istiliyə görə öncədən pul ala bilmərik".