İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 12 noy — Sputnik. Gördüyünüz bu binanın fotolarını, "Qara Qarayev" metrostansiyasının arxasındakı küçədən çəkilib. Sputnik-ə danışan sakinlər deyirlər ki, əvvəllər bu binada uşaq bağçası yerləşib. Amma 5 ildir ki, bağça ləğv olunub və yerində bu acınacaqlı mənzərə hökm sürür.
Hazırda bu kimsəsiz xarabalıqlarda sahibsiz heyvanlar məskən salıb. Ərazidə yaşayan Zarina xanımın sözlərinə görə, axşamlar bu binanın qarşısından keçmək mümkün deyil.
"Uşaq bağçasının yeri sahibsiz heyvanların yuvasına çevrilib. Hər axşam onlarla sahibsiz it yığışır binaya. İtlər binanın qarşısından keçənlərə hücum çəkir. Bu bir kənara qalsın, səslərindən də yatmaq olmur", — həmsöhbətimiz bildirir.
Sakinlər qeyd edirlər ki, ərazi üzrə Mənzil İstismar Sahəsinə (MİS) müraciət etsələr də, heç bir nəticə yoxdur: "Ya bu binanı söküb ərazini təmizləsinlər, ya da təmir edib yenidən hansısa idarəyə versinlər, bizim də canımız qutarsın".