BAKI, 11 noy — Sputnik. Bir müddət öncə məşhur azərbaycanlı iş adamı Telman İsmayılovun Türkiyədəki "Mardan Palace" otelinin satış tenderi elan olunmuşdu. Sputnik Türkiyə KİV-nə istinadən xəbər verir ki, hazırda otelin satışa çıxarılma prosesi ləğv edilib.
T. İsmayılovun Türkiyədə "Xalq Bank" və "Garanti Bank" ilə aralarında yaranan borc qalmaqalından sonra, hər iki bank "Mardan Palace" otelin satışa çıxarılmasını tələb edib. Sonraki mərhələdə "Xalq Bank" satış tələbindən çəkilsə də, "Garanti Bank" öz tələbindən imtina etməyib. Satışa çıxarılan otel isə tenderin yeganə iştirakçısı olan "Xalq Bank" tərəfindən 360 milyon 50 min lirəyə (təxmini 185 milyon manat) alınıb.
Telman İsmayılovun borc qalmaqalı bununla da bitməyib və bu dəfə onun borclu olduğu "Güclü İnşaat" tenderin nəticəsinin ləğvi üçün məhməkəyə müraciət edib. Lakin "Güclü İnşaat"ın tələbi rədd edilib.
Sonda isə biznesmenə aid "AST" şirkətlər qrupu məhkəməyə müraciət edib və məhkəmənin qərarı ilə tenderin nəticələri ləğv edilib.
Məsələyə "Mardan Palace" otelinin baş direktoru Çətin Pəhləvan münasibət bildirib. O, məhkəmənin ədalətli qərar verdiyini və banklara olan borcların ödənilməsi üçün qarşılıqlı həll yolu axtardıqlarını deyib.