BAKI, 11 noy — Sputnik. Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) bu ay müəllimlərin əmək haqlarının gecikdirilməsinin səbəbini açıqlayıb. BŞTİ-dən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, maaşların gecikməsinin səbəbi yeni dərs ilində (2016-2017-ci tədris ili) sinif və şagird kontingenti barədə məlumatların emalı prosesi ilə əlaqədardır.
Emalı prosesi başa çatan bütün təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqları onların bank hesablarına köçürülüb. Digər müəllimlərin əməkhaqları isə növbəti iki gün ərzində onların bank hesablarına köçürüləcək. Bu isə o deməkdir ki, paytaxt müəllimləri gələn həftədən əmək haqlarını tam şəkildə əldə edə biləcəklər.