BAKI, 11 noy — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezidentlik üsul-idarəsinin ölkəyə daha sürətli inkişaf imkanı yaradacağını söyləyib. Sputnik Anadolu Agentliyinə istinadən xəbər verir ki, o, bu haqda Qətərin əl-Cəzirə telekanalına müsahibəsi zamanı deyib.
Ərdoğan müsahibəsində Türkiyədəki koalisiya hökumətləri, Ədalət və İnkişaf Partiyasının təkbaşına hakimiyyətdə olduğu dövr, prezident üsul-idarəsi ilə bağlı mübahisələr və 15 iyul çevrilişə cəhd kimi mövzuları dəyərləndirib. O, ABŞ və Rusiyanın iş sistemləri fərqli olsa da, prezident üsulu ilə idarə olunan iki vacib nümunə olduğunu xatırladıb.
"Biz də öz ənənələrimizə söykənərə, Türkiyəyə yaraşan modeli qurmalıyıq. Bu, Türkiyənin daha sürətli şəkildə inkişafına töhfə verəcək, ona görə bunu dəstəkləyirəm", — Ərdoğan bildirib.
Prezident ona ünvanlanan "diktator" ittihamlarına münasibət bildirib: "Bir insanın diktator olması üçün, həmin ölkədə yaşam şərtlərinin fərqli olması, insanların azad yaşaya, düşüncələrini istədikləri kimi ifadə edə, inandıqlarını inandıqları kimi yaşaya bilməməsi lazımdır. Mənim ölkəmdə belə bir problem yoxdur. İstəyən istədiyi kimi danışır, inandığı kimi yaşayır, istədiyi kimi geyinir, istədiyi kimi yeyib-içir".
"Biz heç nəyi qadağan etmədik. Türkiyə yasaqların olduğu bir ölkə olmayıb. Türkiyə son illərdə, son 14 ili bir tərəfə qoyuram, heç bir dövrdə bu səviyyədə azad, bu qədər dinc, bu qədər rahat bir dövr yaşamayıb", — Ərdoğan vurğulayıb.