BAKI, 11 noy — Sputnik. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 190-250, Kiçik Qafqazın çaylarında 240-480, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-140 faizini təşkil edir. Bu barədə Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir.
Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 198 m3/s olmaqla ongünlük normanın 113 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 133 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 91 m3/s olmaqla, ongünlük normanın 107 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 147 m3/s təşkil edərək ongünlük normanın 172 faizini təşkil etmişdir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Noyabrın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Bankə 6 və Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində 8 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 489 (2015-ci il noyabrın 11-də 446 sm), Salyanda 382 (2015-ci il noyabrın 11-də 300 sm), Bankədə 259 (2015-ci il noyabrın 11-də 223 sm), Araz çayının Novruzlu məntəqəsində isə 204 sm (2015-ci il noyabrın 11-də 178 sm) təşkil edir.