BAKI, 10 noy — Sputnik. Bir müddət əvvəl şəhid anası Əsli Muradovanın ölkə rəhbərliyinə və aidiyyəti qurumlara etdiyi müraciətlərə cavablar gəlib. Ancaq cavabların heç birində ananın suallarına konkret cavab verilməyib. Bu barədə Sputnik-ə şəhid anası, Bərdə rayon Mustafaağalı kənd sakini Əsli Muradova özü məlumat verib.
Müdafiə Nazirliyi (MN) məktuba cavabı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) və onun Bərdə şöbəsinə yönləndirməklə kifayətlənib. Hansı ki, MN-dən Mübariz Muradovun 172 saylı Hərbi hissənin heyətinə qəbul edilməsi, həlak olması barədə adı çəkilən qurumun arxivində məlumatın olub-olmaması, lakin "Qaytarılmaz itkilər" adlı kitabda şəhidin adının niyə, hansı səbəbdən olmadığına dair izahat istənilir. Bu suallara isə ancaq MN özü cavab verə bilər, ya da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX).
"ƏƏSMN-in özünün cavab verəcəyi suallar onsuz da çoxdur. Verilən statusu dayandırmaq, vətəndaşa qarşı bu qədər haqsızlıq etmək, qaysaq tutan yaraları qaşıyıb qanatmaq, illərlə şəhidin adına olan təqaüdü mənimsəmək, sonra da şəhid anasını məhkəməyə çəkərək ondan almadığı vəsaiti geri qaytarmağı tələb etmək… Hər kəs özünə aid olana cavab versə, yaxşı olmazmı?" — deyə Ə.Muradova bildirib.
Muradova dövlət orqanlarının ona olan münasibətindən və sorğularına adekvat cavab verilməməsindən şikayətçidir. O bildirir ki, oğlunun ölümü barədə hərbi hissənin verdiyi arayışda onun AR-nın müdafiəsində xidməti borcunu yerinə yetirərkən Murovdağ bölgəsində həlak olduğu bildirilir. Amma MN Muradovaya bildirib ki, onun oğlu Mübariz Muradovun adı "Qaytarılmaz itkilər" kitabında yoxdur deyə, şəhid adı ona şamil edilmir.
SHXÇDX-nin göndərdiyi məktubda isə deyilir: "Oğlunuzun ölüm faktı şəhidlik adına uyğun gəlmir. Oğlunuzun şəhid, Sizin şəhid ailəsi statusunuzun bərpa olunması məsələsinə yalnız prokurorluq və ya məhkəmə orqanlarının müvafiq qərarından sonra baxıla bilər".
Əslində Əsli Muradova Baş Prokurorluğa da müraciət edib. 10 may 2016-cı ildə Baş Prokurorluğun Daxili İşlər Orqanlarının İstintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət İdarəsinin rəis müavini, baş ədliyyə müşaviri Müşfiq Səfərovun imzasıyla Əsli Muradovaya məktub göndərilib. Məktubda Bərdə RPŞ-də məsələ ilə bağlı araşdırma aparıldığı, cinayət tərkibli hal olmadığından cinayət işinin başlanmasının rədd edildiyi bildirilir. Həmin məktubun "özəlliyi" isə budur ki, orada şəhid təqaüdünün Əsli Muradova tərəfindən həm alındığı, həm də alınmadığı qeyd edilib. Beləliklə, prokurorluq nə demək istədiyini konkretləşdirməyib.
Şəhid anasının sonuncu dəfə etdiyi müraciətə yenə Müşfiq Səfərovun imzası ilə cavab gəlib. Bu cavab da eynilə əvvəlki məktubun təkrarıdır. Sadəcə məktubun yuxarısındakı tarix dəyişib, 10 may 2016-cı il yerinə, 20 oktyabr 2016-cı il yazılıb. Məktubun qeydiyyat nömrəsi belə, dəyişməyib.
Halbuki maydan bu yana Ə. Muradova məhkəmə ayağına çəkilib, ondan almadığı pulların hesabını soruşublar. 05 iyul 2016-cı il tarixdə Bərdə rayon Prokurorluğunda növbəti dəfə Bərdə RPŞ-nın qətnaməsi ləğv edilib. İş yenidən araşdırılmaq üçün Bərdə RPŞ-ya göndərilib. Müşfiq Səfərov isə cavab göndərəndə bu halları nəzərə almayıb.
Ə. Muradovanın fikrincə, "may ayındakı məktubun vergülünü belə, dəyişmədən göndərmək, ən azı, dövlətin olduqca mötəbər bir orqanının öz işinə nə dərəcədə məsuliyyətsiz yanaşdığının göstəricisidir".
Xatırladaq ki, Ə. Muradovanın oğlu Mübariz Muradov 1995-ci ilin 27 dekabrında ön cəbhədə — Murovdağ bölgəsində həlak olub. Hərbi hissənin verdiyi arayışda M. Mübarizin AR-in müdafiəsində Murovdağ bölgəsində xidməti borcunu yerinə yetirərkən həlak olduğu bildirilib. Bərdə RİH, Bərdə rayon ƏSMM-i şəhid adı və şəhid ailəsi statusunu rəsmən təsdiq ediblər.
2008-ci ildən isə Bərdə ƏSMM-i şəhid ailəsinə təqaüd verilişini davam etdirmək üçün Hərbi komissarlıqdan M. Muradovun şəhidlik statusunu təsdiq edən arayış tələb ediblər. HK-dan arayış ala bilməyən Ə. Muradova şəhid ailəsinin təqaüdünün dayandırıldığını güman edib.
2014-cü ildə isə yenidən ona Bərdə ƏSMM-dən məktub gəlib ki, oğlunun şəhid olması barədə arayış təqdim etsin. Bu zaman məlum olub ki, 2008-ci ildən sonra həmin vəsait — şəhid təqaüdü Ə. Muradovanın adından alınıb. ƏƏSMN "Kapitalbank"ın bankomatlarından götürülən təsvirlər əsasında şəhid təqaüdünün Ə. Muradova deyil, başqaları tərəfindən götürüldüyünü müəyyən etsə də, Bərdə rayon ƏSMM məsələnin məhkəmədə araşdırılmasına qərar verib. ƏSMM məhkəməyə müraciət edərək M. Muradovun şəhid statusuna aydınlıq gətirilmədiyindən, 2008-2014-cü illərdə onun anasının adına açılan karta ödənilən 11315 manat məbləği dövlətə geri qaytarmağı tələb edir.