BAKI, 10 noy — Sputnik. "Amerika xalqı seçimini edib və Tramp prezident seçilib. Azərbaycan prezidenti İlham Əliyev də Donald Trampı təbrik edib".
Sputnik xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, "Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış" mövzusunda keçirilən Respublika konfransında deyib. O, ölkələr arasındakı bundan sonra gözlənilən münasibətləri belə dəyərləndirib: "Azərbaycan Donald Trampla səmərəli əməkdaşlığa ümid edir".
Həsənov qeyd edib ki, Azərbaycan ABŞ-la enerji, nəqliyyat dəhlizlərinin inkişafı və təhlükəsizlik sahəsində səmərəli əməkdaşlıq edir: "Bu sahələrdə əməkdaşlıq daha da inkişaf edəcək. Azərbaycanın ən böyük gözləntisinə gəlincə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir".
"Azərbaycan Prezidenti də təbrikində qeyd edib ki, Trampın prezident seçilməsi ilə ABŞ-ın Minsk qrupunda fəaliyyətinə bir dinamizm gələcəyinə, ABŞ-ın bu sahədə fəallaşacağına inanırıq. İnanırıq ki, nəhayət Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq", — Prezidentin köməkçisi bildirib.