Deputat: Amerikanın 20-ci əsr tarixinin ən sakit dövrü Bill Klintonun prezident olduğu zamana təsadüf edir
Milli Məclisin deputatı Fəzail İbrahimli deyir ki, Amerikanın xarici siyasətini seçilən prezidentdən daha çox, onların seçki kampaniyalarını maliyyələşdirən qurumlar müəyyən edir: "ABŞ-dakı seçkilərin dünya siyasətinə təsiri barədə danışsaq, görərik ki, ata və oğul buşların zamanında dünyada çox böyük müharibələr yaşandı. Nəyə görə? Çünki onların seçki kampaniyalarını hərbi-sənaye kompleksi maliyyələşdirirdi. Nəticədə, seçki bitdikdən sonra onlar prezidentdən bunun əvəzini istədilər. Beləliklə Yaxın Şərq, Körfəz bölgələrində müharibələr başladı. Hillari Klintonun həyat yoldaşı Bill Klintonun zamanında isə dünya ən rəvan dövrünü yaşadı. Ölkənin tarixinə nəzər salsaq, görərik ki, Amerikanın 20-ci əsr tarixinin ən sakit dövrü məhz Bill Klintonun prezident olduğu zamana təsadüf edir. Çünki onun seçki kampaniyasını hərbi-sənaye kompleksi maliyyələşdirməmişdi".
"Hansı namizədi hansı qurumlar maliyyələşdirirsə, seçkidən sonra onlar qalib namizədə öz tələblərini irəli sürəcək. Xarici siyasət də ona uyğun tənzimlənəcək",- deyə millət vəkili bildirib.