BAKI, 8 noy — Sputnik. "Mən bura həm bir yazıçı, həm də vətəndaş kimi gəlmişəm. Burada bir neçə məcburi köçkünlə görüşdüm, Xocalı abidəsini ziyarət etdim. Mən Xocalı abidəsinin, günahsız insanların qarşısında baş əymişəm".
Sputnik xəbər verir ki, bu fikirlərin müəllifi Bakıda səfərdə olan erməni yazar Vahe Avetyandır. Bir həftə əvvəl Bakıya gələn Avetyan Ermənistandan olan siyasi mühacir və Sarkisyan rejiminin daimi tənqidçisidir. O, hazırda İsveçdə yaşayır.
Avetyan Xocalı soyqırımına görə qurbanların yaxınlarından açıq şəkildə üzr istəmiş azsaylı erməni ictimai xadimlərindən biridir. O, bu gün Bakıda keçirilən "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış" mövzusunda beynəlxalq konfransda iştirak edib.
Konfrans Milli QHT Forumunun təşkilatçılığı ilə baş tutub. Forumun prezidenti Rauf Zeyni deyib ki, əsas qeyri-hökumət qurumları, mədəniyyət, ədəbiyyat xadimləri sülh danışıqlarının aparılmasına töhfə verməlidir. Bu səbəbdən də, beynəlxalq konfransa "Meridian" qeyri-hökumət təşkilatının sədri, jurnalist Suzanna Caqinyan, yazıçı-publisist, ictimai xadim Vahe Avetyan və Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan da dəvət edilib.
"Yeddi rayonunun işğaldan azad edilməsi Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində əlverişli zəmin kimi" mövzusunda keçirilən panelin moderatoru, Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov isə deyib ki, hazırda Ermənistanda baş verən hadisələr siyasətin sabit olmadığını göstərir. Bu baxımdan, vətəndaş cəmiyyətinin bu müzakirələri münaqişənin həllinə böyük töhfə verə bilər.
Erməni yazar Vahe Avetyan bir həftədir Azərbaycanda olduğunu bildirib və qonaqpərvərliyə görə təşəkkür edib. "Mən bura həm bir yazıçı, həm də vətəndaş kimi gəlmişəm. Burada bir neçə məcburi köçkünlə görüşdüm, Xocalı abidəsini ziyarət etdim. Mən Xocalı abidəsinin, günahsız insanların qarşısında baş əymişəm" — deyən Avetyan bu forum nəticəsində siyasətçilərin, QHT rəhbərlərinin, fəalların qərar verə biləcəklərini söyləyib.
"Burada uzun illər dostluq etdiyim insanlar var. Bu məsələni ancaq biz həll edə bilərik. Çünki indiki gənclərdə kin, qəzəb var. İlk növbədə mədəni münasibətlər həll olunmalıdır. Bizə beynəlxalq təşkilatlar lazım deyil, öz problemlərimizi özümüz həll edə bilərik. Sülh niyyətli yazıçılar, QHT-lər arasında münasibətlər mütləq qurulmalıdır. Bu, mənim Azərbaycana sonuncu səfərim olmayacaq. Xocalıdan olan insanlarla görüşdüm və çox təsirləndim. Sülhün əldə olunması üçün qarşılıqlı səfərlərin tez-tez həyata keçirilməsinə ehtiyac var" — deyə Avetyan əlavə edib.