BAKI, 7 noy — Sputnik. Sürücülər "ASAN ödəniş" sistemindən istifadə etməklə öz işlərini daha da asanlaşdıra bilərlər. "ASAN Xidmət"in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, yeniliklərdən faydalanmaq üçün ilk növbədə www.asanpay.az portalında qeydiyyatdan keçib "elektron kabinet" yaratmaq lazımdır.
Elektron imza və Asan imza sahibi olanlara isə qeydiyyatdan keçmək tələb olunmur. Onlar şəxsi imza vasitəsilə qeydiyyatdan keçmədən elektron kabinet yarada bilərlər. Artıq qərarsız cəriməni www.asanpay.az-da elektron kabineti olan hər bir sürücü plastik kartla ödəyə bilər.
Bundan əlavə, sürücü cərimə ilə razılaşmadıqda şikayət edə bilər. Hər bir sürücünün elektron kabinetdə cərimənin olub-olmaması ilə bağlı çıxarış əldə etmək imkanı var. Elektron kabinetdə ödənilmiş cərimələrlə bağlı ödəmə tarixçəsi bölməsi mövcuddur. Cərimələrlə bağlı müvafiq orqan tərəfindən protokol, foto və videolar əlavə edilərsə, bu halda elektron kabinetdə sürücü istənilən vaxt onlara baxa bilər.
Elektron kabinetə yerləşdirilən cərimə barədə sürücüyə SMS göndərilir. Elektron kabinetin üstünlüklərindən biri budur ki, sizin mobil nömrəniz DYP-də olmaya bilər, lakin www.asanpay.az-da qeydiyyatdan keçdikdən sonra yazdığınız nömrəyə elektron kabinetdə öz əksini tapan cərimə barədə SMS göndərilir. Cəriməni bir ay ərzində ödəmədikdə dəbbə pulunun hesablanması nəzərdə tutulan gündən bir neçə gün öncə yenidən SMS vasitəsilə sürücüyə xəbərdarlıq mesajı göndərilir və hansı tarixdən etibarən cərimənin üzərinə dəbbə pulu hesablanacağı qeyd olunur.
Sürücü istifadəçi adı və ya email ünvanı, eyni zamanda şifrəni qeyd etməklə elektron kabinetə daxil ola bilər. Şəxs şifrəni unutduğu zaman qeydiyyatdan keçdiyi nömrə və ya e-mail ünvanı vasitəsilə şifrənin bərpa olunması mümkündür. Mobil telefon nömrəsi hər hansı səbəbdən (korlanma, dəyişmə, itirilmə və s. səbəblər) ləğv olunan və ya email ünvan vasitəsilə şifrəsini bərpa edə bilməyən şəxslər 1 saylı Bakı "ASAN xidmət" mərkəzinə şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilərlər.
Eyni zamanda, sürücü istədiyi halda hər hansı bir səbəbdən şəxsi kabinetdə qeydiyyatdan keçdiyi nömrəni şəxsi məlumat bölməsində "Məlumatları dəyişdir" əmrindən istifadə etməklə dəyişdirə bilər. Cərimələrin olub-olmaması barədə çıxarış əldə edən sürücü, onu saxlayan DYP əməkdaşına təqdim edə bilər. Çıxarışın həqiqiliyini QR kod oxucu ilə yoxlamaq mümkündür.
"Xüsusi imkanlar" bölməsində sürücüləri daha bir yenilik gözləyir. Şəxs mülkiyyətində olan və ya etibarnamə vasitəsilə idarə olunan nəqliyyat vasitələri ilə bağlı tərtib olunan protokollar barədə elektron kabinetdən məlumat əldə bilər. Bunun üçün avtomobilin dövlət nömrə nişanını və qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsini daxil etmək lazımdır.
Qeyd edək ki, hazırda "ASAN ödəniş" sisteminin 100-dən artıq ödəmə terminalı fəaliyyət göstərir. Onların əksəriyyəti Bakıdadır və paytaxtın müxtəlif ərazilərində, eləcə də, Dövlət Yol Polisi şöbələrində terminallar mövcuddur. Rayonlarda isə ödəmə terminalları yalnız "ASAN xidmət" mərkəzlərindədir. Sürücü həmin terminallar vasitəsi ilə protokolun seriya və nömrəsini daxil etməklə cəriməni ödəyə bilər.