Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

“Çöpçülər həkimlərimizdən güclüdür”

© Sputnik / Anar MustafayevUşağın boğazını müayinə edən qadın
Uşağın boğazını müayinə edən qadın - Sputnik Azərbaycan
Abunə olmaq
Sosial şəbəkə istifadəçiləri: Azərbaycanda camaat ona görə çöpçüyə gedir ki, ona həkimlərdən çox inanır

BAKI, 6 noy-Sputnik. Azərbaycanda tibbin qəbul etmədiyi, amma demək olar hər bir valideynin övladlarını ömürlərində heç olmasa bir dəfə də olsun apardıqları məkan var. Bu çöpçünün ünvanıdır. Sputnik-in əməkdaşı sosial şəbəkələrdə elə valideynlərin özlərinə sual ünvanlayıb: Çöpçülərə inanırsınız və gedirsiniz? Bu suala çox sayda sosial şəbəkə istifadəçisi cavab verib. Hətta sual bir sıra mübahisələrə də səbəb olub. Facebook istifadəçilərinin Sputnik-in sualına verdiyi cavablardan ən maraqlılarını təqdim edirik.

Müayinə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sirri hələ də çözülməyən peşə...

Pərvin Zeynalov-jurnalist: “Hazırda ən böyük ehtiyacım pampersə və çöpçüyədir. Əvvəllər çöpçüyə inanmasam da, iki oğlumu tez-tez çöpçüyə aparmaqla inanmışam. Bəxtimdən gözəl insan çıxıb qarşıma. Elə çöpçü var ki, 50 manata çöp çıxarır, mənim övladlarımın çöpçüsü isə 5 manata. Elə olub, uşaqlar qızdırmalı olub, hər nə eləsək də temperatur düşməyib, vəziyyəti pis olub. Çöpü çıxarılan kimi uşaq özünə gəlib, temperaturu düşüb.”

Aynur Şahkərimova-iqtisadçı: “Uşaqlarmı çöpçüyə aparmamışam. Amma tibdə çöpün adı boğazın armudvari cibinə düşmüş yad cisimdir. Əlbəttə, xarici ölkələrin vətəndaşlarında da boğaza sıçramış yad cism olur. Lakin fərq budur ki, orada onu endoskopiyadan sonra lor cərrahlar çıxarır, bizdə isə çöpçülər. Türkiyənin əyalətlərində onlara üfürükçülər deyirlər. Bunun da bir neçə səbəbi var: bir, ölkədə səhiyyəyə olan inamsızlıq, iki, tibbi müdaxilə prossesinin uzunluğu, uşağın bu vaxtda gözləməkdən yorularaq yatması, narkoz qəbul etməsi, üç, maddi durum. Ölkədə tibbi yolla boğaza düşmüş yad cismin çıxarılması haradasa 250-300 manata başa gəlir.” 

Günel Fərhadova–yazar: “Mən bu cür şeylərə inanmıram, aparmamışam, aparanları da anlamıram, cahillik kimi qəbul edirəm. Uşağa qarşı diqqətli olanda, nə yeyib içdiyinə baxanda, qoruyanda, "çöp" də düşməz. Bunu fırıldaqçılıq və insanları inandırmaq yolu ilə pul qazanmaq metodu hesab edirəm. Ətrafımda uşağını həftədə bir dəfə çöpçüyə aparan analar vardı, başa salmağa çalışırdım ki, uşağa çöp düşə bilməz. Bəziləri insanların sadəlövhlüyündən istifadə edir. Adi soyuqdəymə, dişçıxartma əlaməti olan kimi çöp söhbəti düşür ortalığa, dərhal qaçırlar uzaq bir məkanda yaşayan və məşhur çöpçüyə. Hətta bir dəfə analardan biri ilə getdim çöpçüyə ki, onun etdiyinə diqqətlə baxım. Baxdım, fırıldağının üstünü açdım, anaya bunu dedim, incidi. Çöpçü də anaya dedi ki, bir də o xanımın (yəni mənim) ayağı bura dəyməsin. Özü də hər dəfəsində taksiyə 5-10 manat, çöpçüyə ən azı 10 manat pul verənlər var. Tapıblar haqq yolunu, qazanırlar pullarını.”

Nəzakət Zeynallı-jurnalist: “Mən çöpçüyə inanıram. Əliçılpaq qadın iylənmiş yemək qalıqlarını üfürüb uşağın boğazından çıxardı. Uşağın da əhvalı düzəldi. Nərimanovda biri var fırıldaqçıdır. Mən Hövsanda getmişdim. Böyük adamlar da gəlir yanına.”

Falabaxan qadın. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rəml atıram, fala baxıram - əsrlərin fırıldağı

Günel Cəlilova–müxbir: “Nənəmgilin qonşuluğunda çöpçü yaşayırdı. Bir gün ondan çöpçülüyün doğru olub- olmamasını soruşdum. Nənəm məni çöpçü qadıngilin evinə apardı.  Bir qadın qucağında uşaqla içəri daxil oldu və dedi ki, neçə gündür onun uşağı heç nə yemir, içmir, ancaq ağlayır. Çöpçü Pakizə xala uşağın anasına dedi ki, narahat olma, çöp qalıb. Mən indi çıxardaram. Çöpçü əlini yumaq adı ilə otaqdan ayrıldı və 5 dəqiqə keçməmiş geri qayıdıb barmağı ilə uşağın boğazını basdı, sonra ağzını onun ağzına dayayaraq üfürdü. Üfürərkən uşağın boğazında qalan gilas tumunu çıxardıb valideynə verdi. Valideyn də çöpçüyə həm pul verdi, həmdə alqış etdi.

Onlar gedəndən sonra Pakizə xaladan gilas tumunun uşağın boğazından necə çıxardığını sorusdum. O mənə dedi ki, hər mövsümün meyvəsinin çəyirdəyini, tumu,  ət qırığını mütləq evdə saxlayır. "Müştəri gələndə əlimi yumaq adi ilə onların yanından ayrılıb dilimin altına bunlardan birini qoyuram. Sonra uşağın boğazını basıram. Bogazı gələn adamın boğazı basılanda o rahatlayır. Boğazı basandan sonra uşağın  burnuna üfürürəm və o zaman dilimin altina qoyduğum tum və ya nəsə qırıntı əlimə gəlir. Beləliklə, valideyn uşağının boğazından çöp çıxdığına inanır" – deyə Pakizə xala bildirdi. Özüm müşahidə etmişəm. Çöpçülük deyə bir sənət yoxdur.”

Vaqif Qarayev-həkim: “Dəfələrlə vurğulanan bir fikri təkrar edim: Bütün normal doğulan uşaqlarin yuxari tənəffüs yollarinin quruluşu eynidir! Yəni ingilisin də, ispanin da, gürcünün də, rusun da, tatarın da və s. Eyni regionda doğulub böyüyən uşaqlar eyni qidadan istifadə edirlər! Amma nədənsə, bu çöp deyilən şey ancaq bizim uşaqların boğazında qalır. Məntiqlə ola bilərmi? Xeyr. Bizimkilərdən başqa hansı xalqda çöpçülər işləyir? Heç yerdə. Bizdən başqa kimsə çöpçüyə inanırmi? Xeyr! Çöpçüdən sonra vəziyyəti daha da pisləşən uşaqlar varmi? Kifayət qədər!".

Xəbər lenti
0