BAKI, 4 noy — Sputnik. Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində yeni proqramların və dərsliklərin hazırlanması işləri davam etdirilir. Bu barədə o, Xaçmaz şəhərində şimal bölgəsi rayonlarının təhsil işçiləri ilə görüşdə bəyan edib.
Son 10 ildə ölkəmizdə 3 mindən çox yeni məktəb binasının tikildiyini və əsaslı təmir edildiyini söyləyən nazir müavini Təhsil Strategiyasına əsasən, 2020-ci ilə qədər ümumtəhsil məktəblərində təhsil alan bütün şagirdlərin planşetlərlə təmin olunacağını bildirib.
Nazir müavini təhsil sistemində tədrislə yanaşı, əsas diqqətin təlim-tərbiyə məsələlərinə, müəllim-şagird münasibətlərinə yönəldiyini və bu işlərin yerinə yetirilməsində müəllimlərin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib.