BAKI, 4 noy — Sputnik. "Maliyyə Bazarlarına Nəzarət Palatası bazarda baş verən qanunsuzluqları diqqətdən kənarda qoymur". "APA-Economics" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.
"Biz Maliyyə Bazarlarına Nəzarət Palatası olaraq bankların, sığorta şirkətlərinin və kapital bazarlarının iştirakçıları olan investisiya şirkətlərinin fəaliyyətinə nəzarət edirik. Palataya bəzi məlumatlar daxil olur. Daxil olan məlumatlar əsasında biz hüquq-mühafizə orqanlarına müraciət edirik. Xatırlayırsınızsa, bir müddət öncə prokurorluq, təhlükəsizlik orqanları və Palatanın əməkdaşlarının birgə tədbiri nəticəsində qanunsuz valyuta mübadiləsi əməliyyatları aparan şəxslər saxlanılmışdı. Son zamanlar bizə yenə müraciətlər daxil olur. Biz bu məlumatları toplayaraq hüquq-mühafizə orqanlarına göndəririk. Ümid edirik ki, müvafiq orqanlar tərəfindən daha aktiv tədbirlər görüləcək", — deyə Aslanlı bildirib.