Politoloq: PKK-nin daxildə və xaricdəki bağlantıları məhv edilir

© REUTERS / Murad SezerTürkiyədə Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş və onun köməkçisi Figen Yüksəkdağ
Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş və onun köməkçisi Figen Yüksəkdağ - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ilin may ayında millət vəkillərinin toxunulmazlıq hüququnun ləğvini nəzərdə tutan konstitusiya düzəlişi referenduma ehtiyac olmadan türk parlamentinin 376 deputatı tərəfindən təsdiq edilib.

BAKI, 4 noy – Sputnik. Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş və onun köməkçisi Figen Yüksəkdağ həbs olunub. 

Sputnik xəbər verir ki, S.Dəmirtaş Diyarbəkirdə, F,Yüksəkdağ isə paytaxt Ankarada evində ikən gecəyarısı polis tərəfindən nəzarətə götürülüb. Bundan başqa partiyanın digər 11 üzvü də həbs olunub. Onlar PKK terror təşkilatının təbliğatını aparmaqda təqsirləndirilir. 

Məhkəmə tərəfindən barələrində dinlənilmə qərarı çıxarılan HDP-li vəkillər öz xoşluqları ilə ifadə verməyi rədd etdikləri üçün polis onları zorla evlərindən aparmağa məcbur olub. 

Türkiyədə PKK tərəfdarı siyasi partiyanın rəhbərlərinin həbsini Sputnik-ə dəyərləndirən jurnalist-yazar Ömər Dinçər ölkəsində çox ciddi proseslər yaşandığını deyib: 

“Bu gün bizim ölkəmizdə əvvəllər heç olmayan kimi PKK və siyasi uzantıları ilə ciddi mübarizə başlayıb. Terror təşkilatının içəridə və sərhəddən kənardakı bütün hədəfləri yox edilir. Türk ordusunun Suriya və İraqın şimalında hərbi əməliyyatları tək İŞİD-ə qarşı yox həm də PKK-ya qarşıdır. HDP-li millət vəkillərinin həbsi məsələsinə gəlincə, əvvəlki hökumətlərin zamanında PKK ilə mübarizə aparılsa da, terror təşkilatının parlamentdəki siyasi uzantılarına toxunulmurdu. Hökumətlər bundan çəkinirdilər. Çünki PKK-nı tam olaraq zəiflətmədən onların propaqandasını edən siyasətçilərlə bacarmaq çətin idi. Ancaq bu gün vəziyyət fərqlidir. Türkiyə Silahlı Qüvvələri və polis təşkilatımız terrorçulara ən ağır zərbələrini vurur. PKK üzvlərinin sayı kəskin şəkildə azalıb. Və terrorçuların sayı azaldıqca onları dəstəkləyən siyasətçiləri qoruyacaq heç kim qalmır. Bu gün gecə baş verən həbsləri mən bu cür dəyərləndirərdim”. 

Mövzuya Türkiyədə yaşayan azərbaycanlı politoloq Orxan Qafarlı da münasibət bildirib. PKK-ya yaxınlığı ilə bilinən HDP-li deputatların polis nəzarətinə alınmasını Sputnik-ə dəyərləndirən Orxan Qafarlı, iqtidarın terror təşkilatına qarşı siyasətdə ciddi dəyişiklik etdiyini deyib:

“Hazırda Türkiyədə vəziyyət çox çətindi. Fövqəladə vəziyyət davam edir. Ordu və polis anti-terror əməliyyatları aparır. Evlərinə polis basqını edilən HDP-li millət vəkilləri bir neçə dəfə məhkəməyə ifadə verməyə çağırılsalar da, onlar bundan imtina ediblər. Ona görə də, prokurorluq polisə müraciət edərək həmin şəxslərin məhkəməyə gətirilməsini istəyib. Bu gücə baş verənlər məhz bundan ibarətdir. Yəni hələlik heç bir həbsdən söhbət gedə bilməz. Ümumiyyətlə hökumətin PKK ilə bağlı siyasəti dəyişib. Əvvəl daha liberal, açılım siyasəti aparılırdısa, bu gün təhlükəsizlik xarakterli sərt siyasət başladılıb. Ümid edirik ki, hər şey sakitçiliklə bitəcək”.

Qeyd edək ki, bu ilin may ayında millət vəkillərinin toxunulmazlıq hüququnun ləğvini nəzərdə tutan konstitusiya düzəlişi referenduma ehtiyac olmadan parlamentin 376 deputatı tərəfindən təsdiq edilib.

Xəbər lenti
0