BAKI, 4 noy-Sputnik. Son günlər İran cəmiyyəti Quran qiraətçisinin pedofiliya (uşaqbazlıq) ilə məşğul olması xəbəri ilə silkələnməkdədir. Hökumət İranın imicinə görə bu faktı nə qədər ört-basdır etməyə çalışsa da, zorlanmışlar və onların hüquqlarını müdafiə edən sosial şəbəkə istifadəçiləri susmaq fikrində deyillər.
İranlı sosial şəbəkə istifadəçisi Mahmood Arpadayi bildirib ki, İranda mollaların uşaqbazlıqla məşğul olması yenilik deyil. Hər kəs bu barədə bilir və susur.
“Çünki İranda qadağan olunmuş mövzulardan danışmaq, mollaların, “Quran qiraətçisi” adlandırılan şəxslərin imicini korlayan işlərdən bəhs etmək ağır suçdur. Uşaqbazlıqla məşğul olanı deyil, o haqda danışanı cəzalandırırlar. İranın özəlliyi məhz budur” – deyə Arpadayi bildirib. O əmindir ki, Şəriət məhkəməsi işə ədalətli baxmayacağı üçün, Səid Tusiyə qarşı yönələn uşaqbazlıq və zorakılıq ittihamlarının nə dərəcədə doğru olub-olmadığını da heç kəs bilməyəcək.
Qeyd edək ki, İranın ən məşhur Quran qiraətçisinin adının pedofillikdə hallanması ölkədə qəzəbə və şoka səbəb olub.
İddia edilən qurbanlar və onların ailələri BBC Farscaya bildiriblər ki, onlar rəsmi kanallarla ədaləti bərpa edə bilmədiklərinə görə danışmaq qərarına gəliblər.
Həm ruhani, həm də siyasi elita ilə əlaqələri olan 46 yaşlı Səid Tusi, dindar ailələrdən olan 10 Quran qiraətçi tələbəyə qarşı zorakılıqda ittiham olunur.
Tusi ötən həftə iddia edilən qurbanların qeyri-adi addımla başlarına gələnləri xarici mediaya danışmasından sonra ittihamları qəti rədd edib.
Tusi həmçinin deyib ki, ona qarşı ittihamlar ali dini lideri və mühafizəkar müttəfiqlərini aşağılamaq kampaniyasının bir hissəsidir.
İddia edilən qurbanlardan birinin BBC-yə dediyinə görə, ona 12 yaşında ictimai hamamda hücum edilib.
"Elə şokda idim ki, nə baş verdiyini anlamırdım", o bildirib.
"Adıma utanc gətirəcəyindən nəsə deməyə qorxurdum, amma sonra onun başqa tələbələri arasında da başqa hallar barədə xəbər tutdum. Susmağı dayandırdım".
İttihamların müstəqil təsdiqlənməsi mümkün deyil. İttihamçılar Tusiyə qarşı 6 il əvvəl rəsmi şikayət edib və nəticədə o, məhkəməyə cəlb olunub.
İş dayandırılıb və ikinci iddia edilən qurban BBC-ə deyib ki, o, ədalətin bərqərar olacağına "bütün ümidlərini" itirib.
İttihamlara baxmayaraq, ədliyyənin sözçüsü Qolam Hüseyn Mohseni-Ejeyi "kifayət qədər sübut" olmadığını deyir.
İranlılar üçün belə həssas mövzuların açıq müzakirə edilməsi nadir hadisədir.
Hadisə sosial mediada geniş müzakirə ilə müşahidə edilib.
"İslam respublikası tarixində növbəti utancverici səhifə", Meysam adlı istifadəçi yazıb. "Din adı altında insanlar alçaldılıb və heç kim məsuliyyətə cəlb edilməyəcək".
"Qurbanlar qızlar olsaydılar hökumət onları uyğunsuz geyinmək və buna təşviq etməkdə ittiham edərdi, həmçinin zorakılığın anlaşılan olduğunu bildirərdilər" – deyə Somayeh adlı başqa istifadəçi qeyd edib.