Rahim Zakiroğlu, Sputnik Azərbaycan
Qədim yazı növü
İlk sivilizasiyalarda yazının meydana gəlməsi insanların bilik və təcrübələrini artırması ilə bağlı idi. İnsanlar əldə etdikləri bilikləri gələcək nəsillərə ötürməli idilər. Yazının ilk dəfə kimin tərəfindən və nə vaxt yazılması məlum deyil. Amma əldə olan məlumatlardan bu qənaətə gəlmək olur ki, yazı miladdan öncə 3-cü minilliyə aiddir. Bunu o dövrdə yaşayan xalqlardan günümüzə qədər gəlib çıxan tarixi abidələr və arxeoloji qazıntılar zamanı tapılan sərdabələr də sübut edir.
Günümüzə gəlib çıxan yazı fonetik yazı növünə aiddir, amma yazı bu dərəcəyə gəlib yetişənə qədər çoxlu yollar keçib. Şumerlər sözləri işarə etmək üçün rəsmlərdən istifadə edirdilər. Bu işarələr elmdə “Piktoqram” adlanır. Eramızdan əvvəl III minillikdə qədim misirlilər öz yazı sistemlərini yaratdılar. Sonra yunanların “heroqlif” adlandırdıqları bu yazı müqəddəs hesab etdikləri heykəllərin və sarkofaqların üzərində həkk olunurdu. Misir yazısı 750-yə yaxın heroqlifdən ibarət idi. Qədimdə Aralıq dənizi sahillərində yaşayan finikiyalıların da öz əlifbaları olub. Daha sonra isə digər xalqlar da öz əlifbalarını yaratdılar və finikiyalıların əlifbası zaman keçdikcə unuduldu.
Məlumat üçün bildirək ki, ən qədim əlifba Suriyanın Aralıq dənizi sahilində Latakiya limanı yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilib. Həmin əlifba 32 hərfdən ibarətdir. Azərbaycan tarixinin qədim dövr Mesopotamiya ərazisində e.ə III-I minilliklərdə bir-birini əvəz edən qədim Şumer, Akkad, Assuriya və Van gölü ətrafında mövcud olan Urartu mixi yazıları vasitəsilə öyrənilir. Söz yox ki, o dövrdə Azərbaycan ərazisində də müxtəlif yazı növləri olub. Çünki mənbələrdə o yazıları oxuyan və onlara cavab yazan “Mirzələr”dən söhbətlər açılır. Lakin son dövrdə, daha dəqiqi 2 ay əvvəl Qədim tarixə malik Cəlilabad rayonunun Ləkin kəndi ərazisində yaşı təxminən 5-6 min ilə yaxın olan məzar daşı tapılıb ki, bu daşın üzərində olan yazılar nə tarixçilərə, nə də qədim yazı növünü öyrənənlərə məlum deyil.
Üzərində 3-7-21 sistemi yazılması ehtimal edilən məzar daşı
Sənduqə formasında olan daş cənub zonasına xarakterik məzar daşıdır, lakin çeşidinə görə fərqlənir. Sözügedən məzar daşı avqust ayında Ləkin kəndində qədim qəbristanlıq ərazisində tarixçi Elşad Əmənov tərəfindən aşkar edilib.
“Ləkin kənd ərazisində təqribən orta əsrlərə aid olan qədim qəbristanlıq var. Tapılan daş ötən əsrin 90-cı illərindən başlayaraq kənar ərazilərdən gələn və bu qəbristanlıqda dəfinə axtarışında olanların qurbanıdır. Gecə vaxtlarında qızıl-gümüş axtaranlar məzar daşını dəyərsiz bir daş kimi kənara tullayıblar. Hətta daşın üzərində (əli ilə kürək izlərini göstərir) zədə izləri də var. Bu da dəfinə axtaranların daşın əhəmiyyətindən xəbərsiz olduqlarını sübut edir. Mənim fikrimcə, daş üzərində olan bu yazılar onun təxmini yaşını bildirir”, — deyə Elşad Əmənov bildirir.
Elşad Əmənov daşın üzərinə həkk olunan yazı növünün elmə məlum olmadığını xüsusi olaraq vurğuladı: “Mənim xarici ölkələrdə alim dostlarım var ki, onlarla sosial şəbəkələr vasitəsilə əlaqə saxlayıram. Daşın üzərində olan bu yazı növünü öyrənmək üçün yazıların rəsmlərini çəkib xarici dostlarıma göndərdim ki, bu yazıları oxuya bilsinlər. Lakin həmin tarixçilər yazını oxuya bilmədiklərini dedilər. Moskvada yaşayan, qədim yazıların açılması ilə məşğul olan müstəqil araşdırmaçı Vladislav Lukaşenkoya da bu daş üzərində olan yazıların rəsmlərindən göndərdim. O, da öz növbəsində bu yazı növünü öz kompüterində oxumağa cəhd edib. Lakin qədim yazıları oxuyan müasir kompüter proqramının da bu yazını oxumağa qadir olmadığını bildirdi. Fikrimcə, bu mənim subyektiv fikrimdir, bu yazını “Maq” elminin gücü ilə açmaq olar. Çünki bu yazı 3-7-21 sistemi ilə yazılıb. Baxın, daşın üzərində 3 sıra 7 işarədən ibarət yazı var ki, nəticədə 21 edir. Yəni 3-7-21 və bu yazılar daşın hər iki üzündə yazılıb. Daşın üzərində olan işarələr Orxon-Yenisey, Qədim Çin, Turdaş mədəniyyətində də rast gəlinən işarələrdir. Arxeoloqlar isə öz növlərində daşın tapıldığı ərazidə geniş arxeoloji qazıntıların aparılmasının vacibliyini məsləhət görüblər. Belə ki, arxeoloji qazıntılar aparıldıqdan sonra tarixi abidənin yaşını müəyyən etmək olar.”
Qeyd edək ki, Elşad Əmənov Cəlilabad ərazisində tapılan qədim yazıların açılmasına ilk cəhd edib və bir neçə işarənin açılışına da nail olub. Daşın üst hissəsində sağ və sol kənarlarında iki günbəz formasında olan dam şəkilli fiqur və bunları birləşdirən uzun dam forması vardır. Məzar daşı ümumiyyətlə məbəd formasını xatırladır. Əlavə olaraq bildirək ki, məzar daşının üzərindəki işarələrin oxunması üçün Azərbaycan Milli Elmlər Akademiyasının və 7 müxtəlif ölkənin tarixçi alimlərinə müraciət edilib.