BAKI, 3 noy-Sputnik. Azərbaycan telekanalları keyfiyyətli nümayiş üçün rəqəmsal yayıma keçib.
"Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 27 sentyabr 2016-cı il tarixli 10 saylı qərarına uyğun olaraq 1 noyabr 2016-cı il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb. Növbəti mərhələdə — 1 dekabr 2016-cı il tarixdən digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək.
Vətəndaşlar rəqəmli yayımın izlənməsi üçün isə dekoderlər ("Set-Top-Box”lar) adlanan xüsusi avadanlığı əldə etməlidir. Rəqəmsal yayımı izləmək gözəldir. Amma problem də elə avadanlığı əldə etməkdən başlayır. Poçtlarda dekoderlər tapa bilməyən vətəndaşlar məcbur xüsusi dükanlardan almalı olurlar. Poçtlarda 20-22 manata olan dekoderlər satılan dükanlarda 40-50 manata satılır. Bir sözlə rəqəmsal yayım üçün lazım olan dekoderlərin satışını qara bazara çeviriblər. Sputnik-in əməkdaşı sosial şəbəkələrdə yerli sakinlərdən rəqəmsal yayıma nə dərəcədə maraqlı olduqlarını soruşub. Yerli sakinlərin münasibəti belə olub.
Əfqan Həmzəyev — beynəlxalq dərəcəli hakim
Bu problemlə üzləşdik. Yayım bütünlüklə dayandırılıb. Məcburiyyətdən dekoder almalıyıq. Bu qədər problem, dərd və pulsuzluq şəraitində camaat məcburən gedib ən azı 30-40 azn verib dekoder alacaq, ustaya da 10 manat verib qoşduracaq. Bu da oldu 50. Bu kimə və nəyə lazımdır?!
Tərxan Paşazadə — Vikipediya mütəxəssisi
Ümumiyyətlə, son vaxtlar televizora az baxırıq. Çünki, internetin yaratdığı imkanlar televizorun imkanlarından daha çoxdur. İnternetimiz daha sürətli olarsa, ümumiyyətlə televizor tamamilə arxa plana keçəcək.
Kənan Səfərov – musiqiçi
Mən eşidəndə sevindim. Onsuz da telekanallara baxan yoxdur.
Ceyran Məmmədova — kiçik biznes sahibi
Mən artıq televizor pultunu yuyub sərmişəm, daha lazım olmayacaq mənə. Bu yaxında ağ ciyərlerimizə sayqac yerleşdiriləcəklər. Hələ ki, doyunca dərindən nəfəs alın. Az qalıb o günə də.
Əli Əliyev — boksçu
Mən şəxsən 7 ilə yaxındır ki, TV-dən uzağam. Düşünürəm bu gün ekranlarda insanlara göstərilənlər məhz insan psixologiyasını idarə etmək ücün düzülüb qoşulur. Hər cəmiyyəti özünəməxsus şəkildə bu yolla idarə edirlər. Gördüklərimiz və eşitdiklərimiz cəmiyyəti idarə edən strukturlar tərəfindən yoxlanılır və əgər bu onların planına uyğun gəlirsə bundan sonra ekranlara cıxmağa icazə verirlər. Arzularımdan biri də budur ki, ekranlardan kriminal xəbərləri yığışdırsınlar. İnsan psixologiyasını pozan, ucuruma aparan, cəmiyyətdə qorxu yaradan ən böyük amillərdən biri məhz kirminal xəbərlərdir. Gördüklərimiz və eşitdiklərimiz həyatımıza gəlir. Ona görə insan intellektini inkişaf etdirməyən verlişlər olmayandan sonra nə fərqi var televizor var və ya yoxdur?
Səriyyə Mansurova — aktrisa
Üzləşmədik, çünki xarici kanalları izləmək ücün ATV plusdan istifadə edirik. Ümumiyyətlə bizim kanallarda maraqlı heç nə görmürəm və baxmıram. Sadəcə təqaüddə olan yaşlılara ürəyim ağrıyır. Axı onların vaxtlarını keçirməyə əyləncələri yoxdur. Bu soyuq havada televizorun qabağında oturub gününü xəbərlərə baxmaqla keçirən yaşlı təbəqəni bundan da məhrum elədilər.
Elman Alixanov – Bakı sakini
İndiki zamanda rəqəmsal yayıma keçməyə gərək yox idi. Varlı insanlar televizora baxmırlar, onların əyləncəsi pul yığmaqdır. Yerdə qalan kasıb vətəndaşlar isə başqa əyləncələri olmadığı üçün xərcə düşüb dekoder almalı olacaqlar. Bu da kimlərəsə yaxşı pul qazanmağa kömək edəcək. Olan kasıblara oldu.
Tariyel Qasımov – sürücü
Rəqəmsal yayıma keçid lazımi səviyyədə hazırlanmadı. İnsanlar çaş-baş qalıblar. Poçt idarələri az sayda dekoder satırlar, adamlar da məcbur olub dükandan ikiqat qiymətə alırlar. Prosesi daha savadlı və insanlar üçün az ziyanlı etmək olardı.
Gülnar Əliyeva — tələbə
Biz ailəliklə artıq neçə aydır ki, televiziyadan imtina etmişik. İnternet vasitəsi ilə istədiyimiz kanala baxırıq və istədiyimizi izləyirik. Bizim üçün televiziya erası sona çatıb. Xüsusilə yerli kanallara baxmağı vaxt itkisi sayırıq.