BAKI, 3 noy — Sputnik. Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Sankt-Peterburqun “Yuridiçeskiy çentr” nəşriyyatı tərəfindən rus dilində çap olunmuş “O nravstvennosti nakazaniya” (“Cəzanın əxlaqiliyi haqqında”) adlı növbəti kitabı italyan hüquqşunaslarının təşəbbusu ilə İtaliyanın Turin şəhərində çap olunub.
İtalyan dilinə tərcümə olunmuş monoqrafiya cəzanın fəlsəfi mahiyyəti haqqında müəllifin “Cinayət və cəza” (M., 2012), “Cinayət və cəzanın fəlsəfəsi” (SPb, 2013) kitablarında ifadə edilmiş düşüncələrinin davamıdır.
Monoqrafiyada qeyd edilir ki, hüquq elmi yalnız cəzanın formal tərifini verə bilər, bundan artığına qadir deyil. Bu fenomenin mahiyyəti haqqında mücərrəd mühakimə onun əxlaqına müdaxiləyə cəhd etmək, fəlsəfi fikrin hazırladığı kateqoriyalara daxil etmək imkanı verir. Xüsusən, əgər söhbət ölüm cəzasından gedirsə, cəza əxlaqidirmi? Cəza qisas, qorxutma, psixoloji təsirdirmi? Cəzalandırma əxlaqının əsası nədir? Cəmiyyət cəza yolu ilə qarşısına qoyduğu məqsədlərə çatırmı? Müasir şəraitdə cəzadan imtina etmək mümkündürmü?
Professor İ.Rəhimovun bu maraqlı əsərində cavab verməyə çalışdığı sualların tam olmayan siyahısı belədir.
Kitab tələbələr, hüquq ali məktəblərinin aspirant və müəllimləri, hüquq mühafizə orqanlarının əməkdaşları, cinayət hüququ sahəsində ixtisaslaşan nəzəriyyəçi və praktiklər, eləcə də filosoflar, sosioloqlar, psixoloqlar, cinayət və cəza problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Xatırladaq ki, professor İlham Rəhimovun “Cəzanın əxlaqiliyi haqqında” əsəri italyan dilinə tərcümə olunmuş sayca ikinci kitabıdır.