Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

“I’m a jazzman” Azərbaycanı dünyada tanıdır

© Sputnik / Murad OrujovBaku Jazz festivalın direktoru Leyla Əfəndiyeva
Baku Jazz festivalın direktoru Leyla Əfəndiyeva - Sputnik Azərbaycan
Abunə olmaq
“Sputnik” Beynəlxalq Mətbuat Mərkəzində Bakı Beynəlxalq Caz Festivalının nəticələrinə həsr olunmuş konfrans keçirilib.

BAKI, 3 noy — Sputnik. Hər il keçirilən Bakı Beynəlxalq Caz Festivalı bu il daha geniş miqyasda baş tutub. Bunu noyabrın 3-də “Sputnik” Beynəlxalq Mətbuat Mərkəzində “Bakı Beynəlxalq Caz Festivalının nəticələri və perspektiv planlar” mövzusunda keçirilən konfransda festivalın direktoru Leyla Əfəndiyeva deyib.

Onun sözlərinə görə, “I’m a jazzman” adlı müsabiqə 2005-ci ildə yaranıb və artıq 2006-cı ildə İsfar Sarabski kimi gənc musiqiçimiz xaricdə birinci yeri tutub: “Bu cavan musiqiçilər xaricə gedib birinci yerləri tutaraq Azərbaycanın bayrağını qaldırıblar. Bu il biz qərara gəldik ki, bu müsabiqəni davam etdirək. Çünki cazda musiqi alətlərinin inkişaf problemi var. Biz çox istəyirdik ki, caza meylli olan cavan musiqiçiləri cəlb edək”. 

Məşhur musiqiçilər Bakıda payız cazına toplaşıblar - Sputnik Azərbaycan
VİDEO
Məşhur musiqiçilər Bakıda payız cazına toplaşıblar

Leyla Əfəndiyeva müsabiqənin çox böyük uğurla keçdiyini bildirib: “Yarım il öncə, 14-30 yaş arası 50-dən artıq iştirakçı müəyyən olmuşdu. Lakin birinci və ikinci turlarda uşaqların sayı azaldı, çünki münsiflər heyəti ikinci turda çox ciddi oldu. Mən çox şadam ki, çox istedadlı və bacarıqlı musiqiçiləri müəyyən edə bildik. İkinci turda başqa ölkələrdən gələn musiqiçilər də iştirak ediblər”.

Ekspertin sözlərinə görə, festivalın əsas məqsədi Azərbaycan əhalisinin mədəni səviyyəsini yüksəltmək və yüksək keyfiyyətli musiqi tələbatının inkişafına təkan vermək olub. “Birinci yeri bal sayına görə Rusiyadan Alina Rostotskaya və Azərbaycandan Məlik Məmmədov bölüşdürüblər. Vokalda ikinci yeri isə Cəmilə Nəsirzadə qazanıb. Çox maraqlı hallar oldu, hətta biz özümüz də gözləməzdik ki, Azərbaycanda bu qədər istedadlı uşaqlar var”, — deyə o bildirib.

Vokal üzrə ikinci yeri tutan Cəmilə Nəsirzadə isə festivalda master-klassların keçirildiyini bildirib: “Mənim üçün bu festivalda iştirak etmək böyük təcrübə və bir möcüzə oldu. Mən heç bunu xəyallarıma da gətirmirdim, belə festivalda ilk dəfə idi ki, iştirak etdim. Bu festivaldan biz çox şey öyrəndik. Çox maraqlı master-klasslar keçirildi. Mən onların hamısında oldum”.

Birinci yeri qazanan Məlik Məmmədov isə festivalda rəqabətin güclü olduğunu deyib: “Bu caz festivalı bizim üçün böyük bir məktəb oldu. Rəqabət güclü idi, hətta çətin idi. Keçirilən master-klasslar bizim karyeramıza daha çox kömək oldu. Hal-hazırda biz bu dərsləri öz musiqimizdə tətbiq etməyə çalışırıq”. 

Festivalın iştirakçısı Polad Murtuzayev də festivalın çox maraqlı keçdiyini bildirib: “Festivalın keçirildiyi bu 8-9 gün ərzində bizim həyatımız başdan ayağa dəyişildi. Mən bu günlər üçün darıxıram. Bütün konsertlərə gedə bildiyimiz üçün təşkilatçılara minnətdaram. Çox maraqlı idi, ümid edirik ki, 2017-ci ildə keçiriləcək festival bundan da maraqlı olacaq”.

Qeyd edək ki, Bakı Beynəlxalq Caz Festivalı 2002-ci ildən etibarən hər il oktyabr ayında Bakı şəhərində keçirilir. Festivalda həm xarici həm də yerli caz ulduzları iştirak edir. Festivalı Azərbaycan respublikasının Mədəniyyət və turizm nazirliyi və Azərbaycan Mədəniyyət fondu təşkil edir. Tədbir çərçivəsində musiqiçilər Beynəlxalq Muğam Mərkəzində, Bakı Filarmoniyasında, Heydər Əliyev sarayında eləcə də Caz Mərkəzində konsert proqramları ilə çıxış edir.

Xəbər lenti
0