İlham Mustafa, Sputnik Azərbaycan
Nə zamansa o ağır əmək tələb edən kişi sənəti ilə məşğul olacağını heç ağlına da gətirməzdi. Heç vaxt düşünməzdi ki bütün qadınlar kimi güzgü, daraq saxlamalı olan o zərif əllər hər gün yiv açarı, laqonda, elektrik mişarı tutacaq. Əgər qayğısız uşaqlığında ona desəydilər ki, böyüyəndə doğulduğun kənddən uzaqlarda ata-ananın ərköyün qızından valideynlərini saxlamaq üçün ağır sənəti öyrənən fədakar qadına çevriləcəksən, bəlkə də böyümək istəməzdi.
Arzunun daha gözəl arzuları var idi. Lakin onun gələcəyi də digər minlərlə azərbaycanlı uşaqların gələcəyi kimi bərbad oldu. Ölkəmizə qarşı aparılan ədalətsiz müharibə, torpaqlarımızın ermənilər tərəfindən işğalı 100 minlərlə insanı ev-eşiyindən didərgin saldı. Böyük, geniş evlərdə yaşamağı öyrənmiş insanlar, məcburən iki adamlıq dar fəhlə-tələbə yataqxanalarında məskunlaşdılar. Elə o vaxtdan Arzunun heç kəsə arzu etmədiyi çətin günləri başladı. Gənc yaşda artıq yaşlaşmış ata-anasını, ikinci qrup əlil olan bacısını, bir müddət sonra isə dünyadan vaxtsız köçən qardaşının 5 övladını saxlamaq məhz onun öhdəsinə düşdü. Bütün bu çətinliklər qarşısında əyilməyən Arzu Rəhimova üzərinə götürdüyü işin öhdəsindən qürurla gəldi. Halal zəhmətlə özü ailə qurmasa da, böyük bir ailənin ayaqda qalmasının əsas səbəbkarı oldu.
Rəhimova Arzu Laçın rayonunun Əhmədli kəndində anadan olub. 1992-ci ildə Laçın rayonu ermənilər tərəfindən işğalından sonra Rəhimovlar ailəsi Mingəçevir şəhərinə pənah gətirərək burada yataqxanaların birində məskunlaşıb. Böyük bir ailənin yaşayışında pay sahibi olmaq üçün o iş, sənət axtarışına çıxıb. Bir müddət toxuculuqla məşğul olan Arzu bu sahə üzrə təhsil də alıb. Lakin özünün dediyi kimi dərzilikdə böyük bir ailəni dolandıracaq qədər gəlir olmadığından, yeni bir sənət axtarıb. Bu yolda qismət onu mebel ustası Ərəstun Məmmədovla qarşılaşdırıb. Qısa vaxtda Ərəstun usta onun qabiliyyət və bacarığını görüb, əksər işlərini ona həvalə edib.
Hazırda Arzu Rəhimova mebel sahəsində bütün sifarişlərin öhdəsindən gəlir. Divan-kresloların, stol-stulun yığılması və təmiri, hər hansı bir mebel modelinin sifarişlə hazırlanması işlərini keyfiyyətlə yerinə yetirir. Bundan əlavə xınayaxdı mərasimlərinin təşkili üçün xüsusi dizaynlı mebellər hazırlayır. Arzu xanım mebel sifarişlərinin ən çox qadınlar tərəfindən edildiyindən, onların nə istədiyini daha yaxşı anladığını deyir. Bunun üçün də gördüyü işlərdə zərif cinsin zövqünə oxşayan detallardan daha çox istifadə edir. Usta həmçinin şəhərdə künc divanları üçün örtükləri ondan başqa heç kəsin tikmədiyini deyir.
Arzu Rəhimovanın işi tək mebellə bitmir. Avtomobillərin döşəməsi və tavanlarının yığılması, ayaqaltılarının tikilməsi, oturacaqların üzlənməsi də onun iş sahəsinə daxildir. Bütün bu işlərlə yanaşı, avtomobilin salonunu da o özü söküb-yığır.
Arzu Rəhimova öz ailəsini qurmasa da böyük bir ailənin başçısıdır. Onun öhdəsində həyatdan vaxtsız köçən qardaşının beş övladı, ikinci qrup əlil olan bacısı var. Yaxınlarda qardaşının övladını evləndirdiyini deyən Arzu xanım sevinclə nənə olduğunu danışır. Bütün bu işlərin öhdəsindən gəldiyinə görə isə o sevdiyi işinə və onu öyrədən ustasına minnətdardır. Arzu Rəhimova qaçqınlığın necə ağır olduğunu, hər kəsin anlaya bilməyəcəyini deyir. Amma həyatını burada başa vurmayacağını deyir, tezliklə torpaqlarımızın alınacağına inanır və öz yurdlarına dönəcəkləri günü səbirsizliklə gözləyir. "İnşallah torpaqlarımız alınar, bu sənəti orada davam etdirərəm. Başqalarını da öyrədərəm", — deyir Arzu Rəhimova.