BAKI, 2 noy-Sputnik. "Azərbaycan prezidentinin Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsinin mümkünlüyü barədə təşəbbüsü əslində yeni deyil. Prinsipcə, bundan əvvəl də Azərbaycan Dağlıq Qarabağa status verməyə hazır olduğunu bəyan edib. Əslində, İlham Əliyevin bu təşəbbüslə çıxış etməsinin başqa vacib mənası var".
Bunu APA-ya tanınmış rusiyalı politoloq, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib.
Onun sözlərinə görə, Azərbaycan prezidentinin bu bəyanatının ATƏT-in Minsk qrupu həmsədrlərinin və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin regiona səfərləri ilə eyni vaxtda səslənməsi təsadüfi deyil: "Bunlar bir-biri ilə əlaqəli olan məsələdir. Ermənistan hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda iştirakını dayandırıb. Həm həmsədrlər, həm də Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistan rəhbərliyini danışıqlar masasına qaytarmağa çalışır. Məsələ ondadır ki, bu ilin aprel ayında Qarabağda dörd günlük müharibədən sonra aydın oldu ki, bu münaqişə dondurulmuş deyil, hər an müharibə başlaya bilər”.
Politoloq bildirib ki, bundan sonra müvəqqəti güzəştlərin əldə edilməsi məqsədi ilə substantiv danışıqlara başlanılıb. “Bu güzəşt 2011-ci ildə işlənib-hazırlanmış Kazan formuluna əsaslanmalı imiş. Kazan formulunun prinsipləri artıq hər kəsə məlumdur. Söhbət ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılmasından (Ermənistanla dəhliz saxlanılması şərti ilə) gedirdi. Dağlıq Qarabağın statusu isə gələcəkdə müzakirə olunmalı idi. Demək olar ki, razılıq əldə olunmuşdu, hər şey hazır idi, bircə imza atmaq qalmışdı. Lakin son anda Ermənistan rəhbərliyi qorxaraq geri çəkildi. Sarkisyan bu addımı atacağı təqdirdə, devriləcəyindən qorxdu və sülh müqaviləsinə imza atmaqdan imtina etdi. Hazırda müxtəlif qüvvələr, o cümlədən həmsədrlər və Avropa İttifaqı cəhd edir ki, yenidən İrəvanı danışıqlar masasına qaytarsın. Ona görə də hesab edirəm ki, İlham Əliyevin Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsinin mümkünlüyü barədə təklifi substantiv danışıqların bərpa olunmasına cəhdlə bağlıdır. Çünki, bu gün yenidən münaqişə bölgəsində təhlükəli vəziyyət yaranıb. Münaqişə hər an alovlana bilər. Münaqişənin nizamlanması ilə bağlı danışıqlar isə dondurulub. Azərbaycan prezidenti danışıqların bərpa olunmasının tərəfdarıdır".
Məsələ ilə əlaqədar "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik-ə açıqlamasında deyib ki, Sergey Markovun açıqlamalarına bir qədər ehtiyat ilə yanaşır: “Haqlı mövqedən çıxış edir, hər zaman deyir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Amma ilin əvvəlində nə deyirdi? Deyirdi ki, ilin sonuna qədər Azərbaycan torpaqları boşaldılacaq, qaçqınlar geri dönəcək. Bu, proqnozlar özünü doğrultmadı. Özü də oktyabrda Bakıda keçirilən konfransda bunu etiraf etdi. Azərbaycan cəmiyyətində bir az ruh yüksəkliyi yaratdı, halbuki bu, yanlış idi. Çünki, biz apreldən sonra böyük dövlətlərin işğalçı Ermənistana qarşı təzyiqini hiss etmirik”.
Sergey Markovun son açıqlamasına gəlincə politoloq hesab etmir ki, Ermənistan hakimiyyəti sülh anlaşmasını — mərhələli həll planını imzalamağa hazır olub: “Bu, belə deyil. Əgər bir dövlət ki, böyük dövlətlərin təzyiqini hiss etmirsə, o işğalçı dövlət özbaşına mərhələli həll planına razılaşmayacaq. Çox təəssüf ki, aprel döyüşləri onların mövqeyinə təzyiq etmədi. Elə ilk gündən onlar mərhələli həll planını qəbul etmirlər. Çünki, hər zaman status məsələsini ön plana atırlar. Son həmsədrlərin bölgəyə səfəri zamanı da çox təəssüf ki, həmsədrlər xüsusilə Amerikalı həmsədr də eyni fikri dedi. Dedi ki, torpaqlar boşaldılmalıdır amma bu, status müzakirələri ilə paralel getməlidir. Ona görə də Markovun keçmiş optimizmini bölüşmürəm”.
E.Şahinoğlu bildirib ki, Azərbaycan Prezidentinin "Dağlıq Qarabağa muxtariyyət verilə bilər" bəyanatı çox ciddi təklifdir: “Azərbaycan Ermənistana bundan böyük status verə bilməz. Rusiya nümunəsində də var. Tatarıstan Muxtar Respublikası. Bu, gözəl nümunədir. Tatarıstan Rusiyanın tərkibində inkişaf edir. Bu, bir örnəkdir. Rusiyaya da bir mesajdır ki, Ermənistan hakimiyyətinə bu yöndə təzyiq etsin. Amma çox təəssüf ki, Ermənistan “müstəqillik”dən başqa heç nəyi qəbul etmir. Bu da son nəticədə düşünürəm ki, vəziyyəti gərginləşdirəcək”.
“Onsuzda cəbhə bölgəsində vəziyyət gərgindir, atəşkəs intensiv pozulur. Üstəgəl də işğalçı qoşunlar işğal altındakı torpaqlarda yenə hərbi təlimlər keçirlər. Aprel döyüşlərinə məhz bu amillər səbəb olmuşdu. Danışıqlarda irəliləyiş yoxdursa, atəşkəs daim pozulursa, üstəgəl işğal altındakı torpaqlarda hərbi təlimlər keçirilirsə, aprel döyüşlərinin təkrarlanması ehtimalı getdikcə artır” — deyə o bildirib.
Politoloq Fikrət Sadıxov Sputnik-ə açıqlamasında deyib ki, biz dəfələrlə demişik ki, bu sazişə imza atmağa hazırıq: “Ermənistan bu sazişə razılıq vermir. Bütün kompromislərə getmişik. Bizim xeyrimizə müxtəlif beynəlxalq təşkilat tərəfindən qəbul olunmuş qətnamələrimiz də var. Prezident İlham Əliyev Sputnik beynəlxalq informasiya agentliyinə verdiyi müsahibəsində çox konkret, dəqiq bir ifadə işlətdi ki, biz hətta Dağlıq Qarabağa respublika statusu verməyə hazırıq. Yəni, burada sadəcə olaraq torpaqlarımız azad olunmalıdır”.
Politoloq bildirib ki, bu status ətrafında müzakirələri davam edə bilərik: “Onların Azərbaycan tərkibində qalması nüanslarını müzakirə etməyə hazırıq amma ərazi bütövlüyü çərçivəsində. Bu çox prinsipial və normal bir mövqedir. Biz mövqeyimizi heç vaxt dəyişməmişik. Düşünürəm ki, əgər Ermənistan aprel hadisələrinin təkrarını istəmirsə, onda gərək ağlını başına yığsın və müəyyən nəticə çıxarsın”.