BAKI, 22 okt-Sputnik. "Ermənistanın işğal etdiyi torpaqlar Azərbaycanın nəzarəti altına qaytarılmalıdır. Yoxsa heç bir sülh müqaviləsindən söhbət gedə bilməz".
Sputnik xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. Onun sözlərinə görə, sonraki mərhələdə status məsələsini gündəmə gətirmək lazımdır:
"Qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması, bölgədə sülhməramlıların yerləşdirilməsi də danışıqların predmetinə daxildir. Bunlar hamısı müzakirə olunacaq. Qaldı ki, gələcəkdə statusun müəyyənləşdirilməsi məsələsinə, bu məhz prezident İlham Əliyev tərəfindən irəli sürülüb və biz bunu alqışlayırıq. Azərbaycan və Ermənistan prezidentləri bir araya gələrək müxtəlif elementləri öz aralarında müzakirə edə bilərlər və bu kimi görüşlər davam etdirilməlidir.
Qeyd olunan elementlər paket şəklində müzakirə olunmalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yolu tapılsın. Artıq həmsədrlər də bildirir ki, status-kvo davamlı ola bilməz".