BAKI, 1 noy — Sputnik. Noyabrın 1-də Bakıda, Heydər Əliyev Mərkəzində VII Azərbaycan-Rusiya Regionlararası Forumu işə başlayıb.
Sputnik xəbər verir ki, Forumda Azərbaycanın və Rusiyanın dövlət və hökumət rəsmiləri, parlament nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və digər sahələrində fəaliyyət göstərən iş adamları iştirak edirlər.
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov prezident İlham Əliyevin Forum iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub.
Sonra Rusiya Prezidenti Administrasiyasının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov tərəfindən prezident Vladimir Putinin məktubu oxunub.
Tədbir çərçivəsində plenar iclas, sənaye, turizm, aqrar, humanitar sahələr üzrə “dəyirmi masa”lar və Azərbaycan-Rusiya biznes forumu keçiriləcək.
Forumda bir sıra sənədlərin imzalanması da nəzərdə tutulur.