BAKI, 31 okt-Sputnik. Kredit büroları yeni bir fikir, ideya deyil, uzun müddətli dövrdə beynəlxalq təcrübədə istifadə olunub. Azərbaycanda da buna bənzər Mərkəzi Bankın yanında kreditlərin reyestr xidməti var idi. Lakin, informasiya çeşidliliyi baxımından kredit bürolarına nisbətən daha kiçik çevrədə fəaliyyət göstərirdi. Ümumiyyətlə, kredit bürolarının yaradılması problemli kredit məsələlərini uzun müddətli dövrdə nisbətən zəiflədilməsinə hesablanmış bir addım kimi qiymətləndirilə bilər.
Bunu iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik-ə açıqlamasında deyib.
“Bu informasiyalar əsasında banklar kredit portfeli formalaşdırır. Əgər kredit bürolarının topladığı informasiyalar reallığı əks etdirirsə, bu zaman bankların kredit portfeli daha sağlam, eyni zamanda daha dolğun informasiyalar əsasında formalaşır. Bu da gələcək dövrlərdə risklərin minimuma endirilməsinə kömək edir. Nəticədə potensial problemli kreditlərin həcmi azalır”.
O, bildirib ki, söhbət bu gün mövcud olan problemli kreditin azaldılmasından və yaxud da bu problemin həllindən getmir: “Yəni, kredit bürosu bu istiqamətdə heç bir addım ata bilməz. Ümumiyyətlə, kredit bürosunun funksiyası sadəcə kredit götürmək istəyən haqqında məlumatların toplanmasıdır. Onun maliyyə davranışlarının reyestrinin həyata keçirilməsidir. Kommunal xidmətlər, vergilər, cərimələr, digər kredit-pul öhdəliklərini icra etməsi dövriliyini, nizam-intizamını, mümkün olarsa, leqal gəlirlərini və s. özündə əks etdirməklə sadəcə kredit verən tərəfə bir məlumat bazası funksiyasını, məsləhətçi funksiyasını yerinə yetirir. Kredit bürosu əvvəlki dövrlərdə mövcud olan problemli kreditin həllinə heç bir təsir göstərə bilməz. Amma növbəti dövrlərdə bank kredit portfelinin sağlamlaşmasına öz köməyini göstərəcək”.
Qeyd edək ki, ötən həftə Milli Məclisdə “Kredit büroları haqqında” qanun layihəsi səsə qoyularaq qəbul edilib. Millət vəkili Ziyad Səmədzadə deyib ki, problemli kreditlərin həcminin artmaması və maliyyə-kredit sistemində dayanıqlığın təmin olunması üçün kredit bürolarının yaradılmasına ehtiyac var. Kredit bürolarının yaradılması ölkədə maliyyə sisteminin sabitliyinin tənzimlənməsinə xidmət edəcək, vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarını yaxşılaşdıracaq, borc münasibətlərində maliyyə intizamını möhkəmləndirəcək.
Qanun layihəsi 4 fəsil, 23 maddədən ibarətdir.