BAKI, 31 okt — Sputnik. Rusiya Federasiyasının Nijni Novqorod şəhərində SSRİ Xalq artisti, SSRİ, Azərbaycan və Rusiyanın görkəmli opera və estrada mügənnisi, bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olumuş konsert keçirilib. Konsert Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Nijni Novqorod regional bölməsi, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) yerli nümayəndəliyi və Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun birgə təşkilatçılığı ilə baş tutub.
Dəmiryolçuların Mərkəzi Mədəniyyət Sarayında keçirilən tədbirin rəsmi hissəsində Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun prezidenti, professor Tamara Sinyavskaya, Nijegorodsk vilayətinin mədəniyyət naziri Sergey Qorin, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun təbrik məktubları oxunub.
ÜAK Nijni Novqorod regional bölməsinin sədri Azad Səmədov və təşkilatın icraçı direktoru Roman Ağayev Azərbaycan xalqının görkəmli oğlu M.Maqomayevin xatirəsinə toplaşanlara təşəkkür edib. O qeyd edib ki, M.Maqomayev və onun parlaq yaradıcılığı Rusiya ilə Azərbaycanın dost və qardaş xalqlarının mədəni irsinin ümumiliyinin bariz nümunəsidir.
ÜAK-ın təmsilçisi Anar Həsənov M.Maqomayevin yaradıcılığı, təkrarolunmaz populyarlığı, möhtəşəm və misilsiz konsertləri, dahi şair və mütəfəkkir Nizami Gəncəvi rolunu ifa etməsi, həmçinin görkəmli musiqiçinin insani keyfiyyətlərindən — təvazökarlığı və prinsipiallığından söz açıb.
Daha sonra M.Maqomayevin repertuarındakı əsərləri ifa etmək üçün ümumrusiya və beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın əməkdar artisti Nikolay Penyakin səhnəyə çıxıb. M.Maqomayevin şah əsəri “Azərbaycan” mahnısı ilə başlayan N.Penyakin sənətkarın repertuarından 40-a yaxın mahnı ifa edib.
Xatirə konsertində ümumrusiya və beynəlxalq müsabiqələr laureatları Anton Utkin, İvan Boqatov, Aleksandr Tsaryov, gənc ifaçılar Araz Zeynalov və Ayturan Süleymanlı çıxış ediblər. Nijni Novqorodda fəaliyyət göstərən “Qarabağ” ansamblının üzvləri isə Azərbaycan milli rəqslərini təqdim edib.
Sergey Yeseninin şerinə yazılmış və M.Maqomayevin dəfnində səslənən “Əlvida, Bakı” mahnısını tamaşaçılar böyük sənətkarın xatirəsinə hörmət əlaməti olaraq ayaqüstündə dinləyiblər.
700 nəfərlik zalda keçirilən və 4 saat davam edən konserti 1500-dək tamaşaçı sarayın dəhlizlərində və hətta foyesində ayaqüstündə dinləyib.
Konsert zalının foyesində Müslüm Maqomayevin həyat və yaradıcılığına həsr olunan fotoşəkillər, bioqrafik kitablar və musiqi irsindən ibarət sərgi təşkil olunub.