BAKI, 31 okt — Sputnik. “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində tədbirləri davam etdirir. Gənclərin və yeniyetmələrin vətənpərvərlik ruhunda maarifləndirilməsi məqsədilə növbəti təşəbbüs Biləsuvar rayununda yerləşən 3 saylı məcburi köçkün qəsəbəsindəki Cəbrayıl rayonu 9 saylı tam orta məktəbdə gerçəkləşib.
Oktyabrın 28-də keçirilən tədbir Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə baş tutub. İctimai Birliyin bu tədbiri köçkün qəsəbəsində yaşayan yeniyetmələr arasında vətənpərvərlik və Azərbaycançılıq ideologiyası ilə bağlı informasiya çatışmazlığını aradan qaldırmağa yönəlmişdi.
Tədbidə çıxış edən ekspert Seymur Verdizadə bildirib ki, Ermənistan kimi işğalçı ölkə ilə yanaşı yaşamağa məcbur olan Azərbaycanda vətənpərlik hisslərinin gənclər və yeniyetmələr arasında təbliğ olunmasına hər zaman böyük ehtiyac var.
“Vətənpərliyin təbliğatı təhsilla yanaşı getməlidir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir”,-deyə o, üzünü köçkün yeniyetmələrə tutaraq bildirib.
Cəbrayıl rayonu 9 saylı tam orta məktəbin direktoru Vəli Cəlilov qeyd edib ki, müstəqil Azərbaycanın inkişafı ilk növbədə gənc nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır.
“Vətəndaş tərbiyə etmək mənsub olduğu dövlətin inkişafına çalışan, mənafeyini gözləyən, onun təhlükəsizliyi üçün məsuliyyət daşıyan, dövlətin cari və perspektiv işlərində iştirak edən insan yetişdirmək deməkdir”,- deyə direktor vurğulayıb.
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal qeyd edib ki, Vətəni layiqincə qorumaq və yaşatmaq bu gün bizlər üçün əhəmiyyətli bir vəzifədir.
“Vətənpərvər olmayan gənclik cəmiyyətin idarə olunmasında heç bir rol oynaya bilməz. Bu baxımdan regionlarda gənclər və yeniyetmələr arasında bu mövzuda təbliğat xarakterli maarifləndirmə işləri davam etdirlməlidir”.
Tədbir yeniyetmələrin mövzu ilə bağlı sualları ilə davam etdirilib.