BAKI, 31 okt — Sputnik. Yerli icra hakimiyyəti başçılarının iki səlahiyyəti ləğv edilib. Bu, Azərbaycan prezidenti İlham Əliyevin oktyabrın 28-də imzaladığı “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Fərmanda əksini tapıb.
Fərmana əsasən, yerli icra hakimiyyəti başçılarının mədəni-maarif idarələrinin işini təşkil etmək və Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdıraraq nazirliyin yerli bölmələrinin rəhbərlərini təyin etmək səlahiyyətləri ləğv edilib.
Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin dekanı Çingiz İsmayılov Sputnik-ə açıqlamasında deyib ki, hazırda Azərbaycanda qeyri-neft sektorunun, xüsusilə turizmin inkişafı diqqət mərkəzindədir. Bu baxımdan turizm sahəsində işləri bir mərkəzdə cəmləşdirmək tamamilə düzgün addımdır. Çünki, turizmin idarə edilməsi və strategiyası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tənzimlənir.
Ekspert bildirib ki, turizmin inkişaf strategiyası baxımından hər bölgənin öz yeri var: “Bu, bir tərəfdən strateji maraqlara, digər tərəfdən yerli maraqlara uyğun olaraq həll edilir. Bu iki açarın istifadə edilməsi daha səmərəlidir. Çünki, yerli idarəetmə orqanı bu iki amildən birini əsas götürür. Hansısa bir icra hakimiyyəti respublika çərçivəsində bu regionun turizm baxımdan yerini, əhəmiyyətini düzgün dəyərləndirə bilməz. Amma Mədəniyyət və Turizm Nazirliyində belə bir strategiya var”.
İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik-ə açıqlamasında deyib ki, indiyədək bu qurumların regionlarda ciddi bir fəaliyyəti, funksiyası yox idi: “Deyək ki, turizm haqqında hər hansı bir müzakirə gedirdisə, ən sonuncu söz sahibi mədəni-maarif qurumları idi. Demək olar ki, heç bir qərar qəbul etmədə də iştirak edə bilmirdilər. Əslində bu, doğru yanaşma deyil. Əgər ölkədə hər hansı bir istiqamətdə mərkəzləşdirilmiş siyasətin həyata keçirilməsi nəzərdə tutulursa, burada aidiyyəti qurumların prosesə cəlb olunması daha effektiv mexanizmlər ilə həyata keçirilməlidir. Bu qurumların birbaşa olaraq Nazirlər Kabinetinə, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinə tabe olması növbəti dövrlərdə nazirliyin regionlarda daha çevik fəaliyyətini təmin etməsinə imkan yaratmaqla yanaşı, eyni zamanda, regionlardan daha dolğun informasiyaların alınması istiqamətində də müəyyən müsbət təsirləri ola bilər”.
Ekspert bildirib ki, Azərbaycanda mərhələli şəkildə icra hakimiyyəti institutunun ləğvi həyata keçirilməlidir: “Bu qurum faktiki olaraq özünü doğrultmur və eyni zamanda, bölgələrdə əslində inkişafın qarşısında dayanan ən böyük maneələrdən biridir. İcra hakimiyyətləri rəqabət mühitini birbaşa olaraq pozur və qanunsuzluqların faktiki olaraq demək olar ki, ən böyük dəstəkçisidir. Düşünürəm ki, bu institutun mərhələli şəkildə ləğvi həyata keçirilərsə, sonda müsbət nəticələr əldə etmək olar”.