"Hüquq mühafizə orqanlarında belə yoxlamalar olsa da, belə qanun yoxdur. Yaxın qohum dedikdə, ər-arvad, ata-ana, bacı-qardaş, nənə-baba nəzərdə tutulur. İşə qəbul zamanı şəxsin özünün cinayət məsuliyyətinə cəlb olunmamasına, əvvəllər məhkumluğu olub-olmaması məsələsinə diqqət yetirilməlidir. Amma yaxın qohumların məhkumluğuna görə işə qəbul etməmək artıq qanunsuzluqdur."
Hüquqşünas Ələsgər Məmmədli də Sputnik-ə müsahibəsində bildirib ki, bu, hüquq pozuntusudur:
"Azad və demoktarik ölkələrdə şəxslər fərdi olaraq məsuliyyət daşıya bilərlər. Bir fərdin etdiyi səhv başqa bir şəxsin həyatını məhv edə bilməz. Azərbaycanda qanunla belə bir hal nəzərdə tutulmur, hətta praktik olaraq bunun tətbiqinin də ciddi qanun pozuntusu olduğunu deyə bilərəm. Fərdin konkret olaraq məhkum olub-olmaması işə qəbul üçün səbəb ola bilər. Amma hər hansı qohumunun bilərəkdən və ya bilməyərəkdən etdiyi səhvlərə görə, başqa bir qohum cəzalandırılmamalıdır."
Məmmədli qeyd edib ki, həm beynəlxalq təcrübə nöqteyi-nəzərindən, həm də hüquqi baxımdan bu tip yanaşma feodal yanaşmadır.
"Birbaşa fərdi şəxsi keyfiyyətlərinə və digər xüsusiyyətlərinə görə işə qəbul edib-etməkmək mümkündür. Amma bacı-qardaşının məhkumluğu da bir şəxsin karyerasını məhv edə bilməz. Qanunda belə hal yoxdur. Şəxsi məlumatları toplamaq qanunsuzluqdur. Onlardan istifadə etməklə şəxsin işini məhdudlaşdırırlarsa, bu da hüquq pozuntusudur. Buna qətiyyən yol vermək olmaz." — deyə Məmmədli əlavə edib.
Amerikada təhsil almış ictimai fəal Bəxtiyar Hacıyevin sözlərinə görə isə bu, Sovet dövründən qalmış praktikadır:
"Hətta Heydər Əliyev vaxtilə məşhur müşavirəsində Nazirlər Kabinetinin üzvlərinə iradını bildirmişdi ki, siz keçmişdə deyilsiniz. Artıq yeni dövrdür. Bütün dünyada necədirsə, bizdə də qaydalar elə olmalıdır. Təəssüflər olsun ki, 25 ildir müstəqil olmağımıza baxmayaraq, bizdə hələ də Sovet dövrünün qaydaları tətbiq olunur. Hər hansısa binanın və ya təyyarənin fotoşəklinin çəkilməsinin qadağan olunması kimi keçmişdə qalan praktika yalnız Azərbaycanda tətbiq olunur."
Hacıyevin sözlərinə görə, ABŞ-da Ağ Evdə və ya digər qurumlarda işləyəcək şəxslərin təhlükəsizlik baxımından keçmişi araşdırılır: "Hətta 5-10 il əvvəlki həyatı öyrənilir. Məsələn, işə qəbul ediləcək həmin şəxs 10 il öncə Fransada yaşayıbsa, o şəxsin həmin vaxt orada nə işlə məşğul olduğu araşdırırlar. Amma bu araşdırma məhz işə müraciət edən şəxsin özü haqqında olur. Yəni bu şəxsə görə qohumları araşdırılmır."
Hacıyevin fikrincə, əgər insan əziyyət çəkib öz üzərində çalışıb təcrübə yığaraq dövlət işində işləmək istəyirsə, yaxın qohumlarının hansısa səhvinə görə onun karyerasına xələl gəlməməlidir.
"Eyni zamanda, hər hansı şəxsin yaxın qohumunun, məsələn, əmisi, dayısı və ya bibisinin nazirlikdə, icra hakimiyyətində və digər qurumlarda işləməsinə baxmayaraq, o, layiq olmadığı postda işləməməlidir" — deyə Hacıyev əlavə edib.
Hüquqşünas Elyar Həsənovun sözlərinə görə, bu məsələ hüquq aləmində qərəzli məsələdir:
"Qanunda belə bir tələbat yoxdur. Amma, bəzi qurumlara işə qəbul zamanı belə şərt irəli sürülür. Heç kəsə rəsmi olaraq məhz yaxın qohumlarına görə işə götürülmədiyi deyilmir. Amma bağlı qapı arxasında işə qəbul edənlər, qərar verən zaman bunları nəzərə alırlar. Onlar elə hesab edirlər ki, qohumunun məhkum olub-olmaması həmin şəxsin işinə təsir edə bilər."
Hüquqşünas bu tələbin əsassız olduğunu və onunla razılaşmadığını da dilə gətirib: "Mən işə qəbul zamanı yaxın qohumların məhkumluğunun nəzərə alınmasının tərəfdarı deyiləm. Təəssüf ki, adiyyatı orqanlarda hələ də bu qayda ilə işləyirlər."