BAKI, 31 okt-Sputnik. Bərdə rayonunda ailənin 14-cü övladı dünyaya gəlib.
Sputnik APA-ya istinadla xəbər verir ki, rayonun Cəyirli kənd sakini Taleh İsgəndərovun ailəsinin 14-cü övladı olan Günay 2 ay öncə doğulsa da, ailə bunu mətbuatdan gizli saxlayıb.
Rayonda sürücü işləyən T. İsgəndərov xəbəri gizli saxlamalarının səbəbini belə izah edib: "13-cü uşaq doğulanda məni mətbuata çıxardılar, dedilər ki, çoxuşaqlı ailə kimi sizə maşın, yataq dəstləri, paltaryuyan veriləcək. Amma vermədilər. Bizi qohum-əqrəbanın, dost-tanışın yanında utandırdılar".
Taleh İsgəndərovun 45, həyat yoldaşı Tünzalə İsgəndərovanın 37 yaşı var. Onların 19 övladı doğulsa da, beşi ölüb.
Övladların 7-si qız, 7-si oğlandır. Ailənin böyük oğlu hərbi xidmətdədir.
Qeyd edək ki, son illərdə Azərbaycanda bu qədər uşağı olan ailələrin sayı son dərəcə azalıb. Mütəxəssislər hazırkı sosial-iqtisadi şərtlər daxilində gənc bir ailədə 14 uşağın olmasını möcüzə kimi qiymətləndirirlər.