BAKI, 30 okt — Sputnik. "Türkiyənin Suriyada və Şimali İraqda hərbi əməliyyatlara qoşulması səbəbindən, ölkədə İŞİD və PKK terroru riski yüksəlib. Bununla belə, Qərb ölkələrinin Türkiyədə terror təhlükəsi barədə çağırışları və öz vətəndaşlarına xəbərdarlıq etmələri, əslində terrorçuların marağına cavab verir".
Bunu Sputnik-ə açıqlamasında, Türkiyədə yaşayan azərbaycanlı politoloq Orxan Qafarlı deyib. Terrorun məqsədinin şiddət və qorxu yaratmaq olduğunu deyən araşdırmaçının fikrincə, Qərb ölkələrinin sözügedən çağırışları da bu məqsədə xidmət edir.
"Terror baş verməmişdən Qərb ölkələrinin səfirlikləri öz vətəndaşlarına xəbərdarlıqlar edir ki, terror olacaq, bu ölkədən, yaxud bu şəhərdən uzaqlaşın. Bu da qorxu, vahimə yaradır. Terror təhlükəsi var deyə, təlaş yaradırlar, insanları qorxudurlar", — O. Qafarlı bildirib.
O, hesab edir ki, həmin ölkələr səmimi olsaydı, insanları qorxutmaq əvəzinə daha düzgün yol seçərdilər: "Əgər əllərində terror təhlükəsinə dair məlumatlar varsa, bu barədə aləmə car çəkmək əvəzinə, həmin məlumatı Türkiyənin təhlükəsizlik orqanları ilə paylaşmalıdırlar".
Xatırladaq ki, bu gün ABŞ Dövlət Departamenti İstanbuldakı Amerika vətəndaşlarına xəbərdarlıq edib. Birləşmiş Ştatların İstanbuldakı baş konsulluğundan verilən yazılı açıqlamada, mümkün terror təhlükəsi səbəbindən, bu şəhərdəki amerikalılara İstanbulu tərk etmələri tövsiyyə olunur.
Məlumatda qeyd olunur ki, bu qərar təhlükəsizlik xidmətdən daxil olan məlumatdan sonra qəbul edilib. Bildirilir ki, ekstremist qruplaşmaların nümayəndələri İstanbulda ABŞ vətəndaşlarına hücum etməyə cəhd edəcəklər.