BAKI, 29 okt — Sputnik. "ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) bu il noyabr ayının əvvəlində və dekabrın ilk yarısında iki iclası gözlənilir. Böyük ehtimalla, noyabrda uçot dərəcəsi qaldırılmayacaq. Amma dekabr ayında faiz artımı ehtimalı yüksəkdir. Ola bilər ki, FED dekabr ayında uçot dərəcəsini qaldırsın. Bu da hazırda dolların mövqeyini gücləndirir, digər valyutaların mövqeyinə mənfi təsir göstərir".
Bunu iqtisadçı-ekspert Samir Əliyev Sputnik-ə açıqlamasında deyib. Türkiyə lirəsinin ucuzlaşması ilə bağlı ekspert bildirib ki, bu, sırf dollar ilə bağlı deyil: "Türkiyə iqtisadiyyatında çətin zamanlar yaşayır. Bir tərəfdən terror, digər tərəfdən siyasi aləmdə baş verən proseslər Türkiyədən müəyyən qədər kapital axınını şərtləndirib. Bu da milli valyutaya öz mənfi təsiri göstərir".
"FED uçot dərəcəsini qaldırsa, bu, lirəyə bir qədər də təsir göstərəcək və lirənin ucuzlaşması baş verəcək. İstənilən halda Türkiyə lirəsinin əvvəlki mövqelərini bərpa etməyi çətin olacaq. Türkiyə lirəsinin ucuzlaşması sürətli olmasa da, yavaş-yavaş davam edəcək", — mütəxəssis bildirib.
"Azərbaycanda bu ilin sonuna məzənnəni necə proqnozlaşdırırsız?" sualına ekspert belə cavab verib: "Hazırda bunu proqnozlaşdırmaq çətindir. Çünki, burada bizdən asılı olan və olmayan amillər var. Məsələn, neftin qiymətinin düşməsi. Bu, manata bir problem yarada bilər. FED-in uçot dərəcəsini qaldırması birbaşa olmasa da, təsir göstərəcək. Azərbaycandan asılı olacaq məsələlər hökumətin atacağı addımlardır. Valyuta ehtiyatlarını xərcləyib manatı saxlayacaqmı?Yoxsa valyuta ehtiyatlarını qorumağa üstünlük verəcək? Görünən odur ki, hökumət valyuta ehtiyatlarını qorumağa üstünlük verir".
"Amma hökumət milli valyutanın ucuzlaşmasında da maraqlı deyil. Çünki, bunun çox mənfi fəsadları var. Eyni zamanda, ixracın stimullaşdırılması manatın da ucuzlaşmasını tələb edir. Çünki, Azərbaycanın ticarət tərəfdaşları olan qonşu ölkələrdə biz Rusiya rublunun, Türkiyə lirəsinin ucuzlaşmasını görürük, hətta avro dollara münasibətdə xeyli dərəcədə ucuzlaşıb. Yəni, Azərbaycanın ticarət tərəfdaşlarının valyutasının ucuzlaşması onu göstərir ki, manat baha qala bilməz", — S. Əliyev vurğulayıb.
O, manatın ucuzlaşmasının davam edəcəyi güman edir: "Hər hansı bir fövqəladə hadisə baş verməzsə, bu ilin sonunadək dolların rəsmi məzənnəsini, ən az 1,80-1,85 manat səviyyəsində gözləyirəm. Yəni, neft düşməzsə, maliyyə panikası və bu tipli hallar olmazsa, yəqin hökumət yavaş-yavaş bu həddə çatdıracaq".
Qeyd edək ki, Türk lirəsinin dollar qarşısında ucuzlaşması davam edir. Dollar dünən, 3.1273 türk lirəsi ilə yeni tarixi rekord həddə yüksəlib. FED-in dekabr ayında uçot dərəcəsini qaldırma ehtimalı 78 faizə qədər yüksəlib.