BAKI, 28 okt — Sputnik. Sumqayıtda yüzlərlə metal skamyalar quraşdırılıb. Lakin şəhər sakinləri bundan elə də razı deyillər, çünki yeni skamyalar müxtəlif xəstəliklərə səbəb ola bilər.
Sputnik Azərbaycan-ın redaksiyasına Sumqayıt şəhər sakinlərindən məktub daxil olub. Onlar şəhərdəki ağac skamyaların yerinə metal skamyaların qoyulmasından pəjmürdə olublar.
Şikayətçilərin sözlərinə görə, şəhərdə 400-ə qədər metal skamyalar quraşdırılıb. Qeyd olunur ki, həmin skamyaların yerli istehsalçılarının saytında onların hər birinin qiyməti 550 manat göstərilib. Sumqayıt sakinləri əmindirlər ki, şəhər icra hakimiyyətinin qoyduğu skamyaların qiyməti istehsalçının saytda göstərdiyi qiymətdən baha deyil.
"Nə qədər anormal olsa da, xalq artıq bəzi məmurların büdcə vəsaitlərini öz şəxsi vəsaitləri kimi xərcləməsinə alışıb.” – deyə şikayətçilər yazırlar.
Lakin Sumqayıt icra hakimiyyəti israr edir ki, yeni skamyalar metaldan yox, başqa materialdan hazırlanıb. İH-nin nümayəndələri onların məhz hansı materialdan hazırlandığını unutduqlarından, adını deyə bilməyiblər.
Sumqayıt İH-nin məsul əməkdaşı Eyvaz Qocayev Sputnik-ə deyib ki, son bir ildə şəhərdə xeyli abadlaşdırma işləri aparılıb.
"Xəzər dənizinin sahilində 4,2 kilometr uzunluğunda, 106 hektar sahədə müasir bulvar salınıb. Şəhərin bütün park və xiyabanları əsaslı təmir olunub. Bütün bunlar şəhər sakinlərinin rahat dincəlməsi üçün edilib. Köhnə yararsız skamyalar yeni və təbiiləri ilə əvəz olunub. Bulvarda yeni skamyalar quraşdırılıb. Onlar yağışa, soyuğa və istiyə davamlı materialdan hazırlanıb. Əgər kimsə deyirsə ki, o skamyalar metaldan hazırlanıb, onlar şəhər icra hakimiyyətinin gördüyü işə kölgə salmaq, onun reputasiyasına xələl gətirmək istəyir. Hətta adi gözlə də skamyaların metal olmadığını görmək olar” – deyə Eyvaz Qocayev bildirib.
Amma şikayətçilər öz növbələrində yazırlar ki, hətta barmaqları ilə skamyalara vuraraq onun hansı materialdan hazırlandığını yoxlayıblar. "Yeri gəlmişkən, bu skamyalarda oturmaq üçün şəhər camaatı özü ilə döşəkcə daşıyır” – deyə şikayətçilər bildirirlər.
Onlar şəhər rəhbərliyinin camaata münasibətindən narazıdırlar. Sakinlərin sözlərinə görə, sabiq icra başçısı Eldar Əzizov Heydər Əliyev parkında ağac skamyalar quraşdırmışdı. Amma Zakir Fərəcov gələn kimi onları götürərək metal skamyalarla əvəz edib.
"İndi bayırda soyuqdur, çox az adam küçədə oturur. Lakin bu, o skamyaları ora quraşdıranlara haqq qazandırmaq üçün heç də məqbul bəhanə deyil” – deyə şəhərlilər bildirirlər.