BAKI, 28 okt — Sputnik. “Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası Prezidentlərinin” Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin müzakirəsinə çıxarılıb.
Sputnik xəbər verir ki, 2016-cı il avqustun 8-də Bakıda keçirilmiş Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin üçtərəfli görüşünün yekunu olaraq imzalanmış bəyannamə müsbət qarşılanıb.
Qeyd olunub ki, bu bəyannamə ölkələr arasında münasibətlərin inkişafı ilə yanaşı, bölgədə sabitliyin qorunmasına öz töhfəsini verəcək. Azərbaycan öz qonşuları ilə yaxın qonşuluq münasibətlərini inkişaf etdirir və bu tədqirəlayiq haldır.
Bəyannamədə bildirilir ki, tərəflər Xəzər dənizini sülh, dostluq, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi nəzərdən keçirərək Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tezliklə razılaşdırılması və qəbul edilməsinin vacibliyini qəbul edirlər.
Qeyd edilir ki, tərəflər gəmiçilik və dəniz turizmi də daxil olmaqlav Xəzər dənizində dənizçilik üzrə əməkdaşlığın inkişaf etdirilməsinin mümkünlüyünü araşdıracaqlar.
Bəyannamə səsə qoyularaq deputatlar tərəfindən təsdiq edilib.