BAKI, 28 okt — Sputnik. Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Sputnik xəbər verir ki, millət vəkili Eldar İbrahimov layihə barədə məlumat verib. Bildirilib ki, bu ilin avqust ayında “Azərbaycan ilə İran arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında” hökumətlərarası Saziş imzalanıb. Bitki mühafizəsi və bitki karantini insan sağlamlığı və ətraf mühitin qorunması habelə ölkənin iqtisadiyyatının təhlükəsizliyinin təmin edilməsi ilə birbaşa əlaqədar olduğu üçün bu məsələ hər bir dövlətin daim diqqət mərkəzində və nəzarətindədir. Bu baxımdan bu Sazişin təsdiq edilməsi vacibdir. Saziş 12 maddədən ibarətdir.
Millət vəkili deyib ki, onun həyata keçirilməsini təmin edən qurumlar hər iki ölkənin kənd təsərrüfatı nazirlikləridir. Tərəflər bitki mühafizəsi, karantini və zərərli orqanizmlərə nəzarət sahəsində bütün məlumatları mübadilə etmək, zərərli orqanizmlərin digər tərəfin ərazisinə keçməsinin qarşısının alınması üçün lazım olan bütün vasitələrdən istifadə etmək, bu sahədə birgə tədqiqatlar da daxil olmaqla iki ölkənin elmi-tədqiqat müəssisələri arasında əməkdaşıq etmək, idxal və ixrac olunan yüklərin fitosanitar sertifikatı ilə müşayiət olunması və s. məsələlər barədə razılığa gəliblər.
Qanun layihəsi səsə qoyularaq qəbul olunub.