CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Artıq hakimlər sədrlərin əlinə baxmayacaqlar

© Sputnik / Maxim Bogodvid / Mediabanka keçidMəhkəmə çəkici
Məhkəmə çəkici - Sputnik Azərbaycan
Abunə olmaq
Elektron məhkəmə informasiya sisteminə keçid ekspertlər tərəfindən müsbət qiymətləndirilir

BAKI, 26 okt — Sputnik. Bakı Apellyasiya Məhkəməsində məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünə başlanılıb. Azərbaycan Prezidentinin "Elektron məhkəmə informasiya sisteminin yaradılması haqqında" 13 fevral 2014 —cü il tarixli sərəncamına uyğun olaraq, Bakı Apellyasiya Məhkəməsində məhkəməyə daxil olan işlərin hakimlər arasında bölgüsü avtomatlaşdırılmış qaydada aparılır.

© Sputnik / Murad OrujovDeputat Çingiz Qənizadə
Deputat Çingiz Qənizadə - Sputnik Azərbaycan
Deputat Çingiz Qənizadə

Mövzunu Sputnik-ə şərh edən millət vəkili Çingiz Qənizadənin sözlərinə görə, son vaxtlar Məhkəmə-Hüquq Şurasının təklifləri əsasında dövlət başçısı tərəfindən Milli Məclisə qanunvericiliyə dəyişikliklər edilməsi ilə bağlı çoxsaylı layihələr təqdim olunub: "Ölkədə əsas siyasi xətt rüşvət və korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmin olunması ilə bağlıdır. "ASAN Xidmət"in yaradılması bir çox sahələrdə şəffaflığa xidmət edir. Məhkəmə hakimiyyətində müəyyən narazılıqlar bu gün də cəmiyyətdə var".

"Onların qarşısının alınması üçün müəyyən yollar axtarılır. Burada daha çox şəffaflığın olmasından söhbət gedir. Bura məhkəmə prosesləri zamanı məhkəmə iclaslarının audio, video yazısından, məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatik qaydada bölünməsindən tutmuş, hakimlərlə tərəflər arasında kontaktlara sərhəd qoyulmasına qədər müəyyən təkliflər daxildir", — deputat qeyd edib.

Millət vəkili bildirib ki, məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatik qaydada bölünməsi məsələsi hər hansı bir hakimin hansısa bir işə marağının qarşısının alınmasına xidmət edəcək: "İndiyədək bəzi yerlərdə sədrlər tərəfindən bölünürdü, ərazi aidiyyəti üzrə olurdu, bəzən bu qaydalar pozulurdu. Çünki, hakimlərin biri olmadıqda digəri onu əvəz edə bilər. Amma elektron qaydada bölgü həm də ona görə şəffafdır ki, digər tərəflər bunun hansı qaydada bölünməsini tam ətraflı görə bilirlər. Və hər hansı bir narazılıqların yaranmaması üçün də qabaqcadan onlar məlumatlı olurlar".

"Tərəflərin SMS vasitəsilə məhkəməyə çağırılması, iclas protokollarının əldə olunması, məhkəmələrdə işə baxılmasının elektron versiyası və ümumiyyətlə, məhkəmələrdə işin elektron versiyaya keçirilməsi və elektron qaydada bütün proseslərin tənzimlənməsi bu sahədə şəffaflığın artırılması ilə bərabər, həm də cəmiyyətdə məhkəmə hakimiyyətinə qarşı olan bəzi mənfi fikirlərin, məqamların aradan götürülməsinə xidmət edir", — Ç. Qənizadə qeyd edib.

Millət vəkili Rövşən Rzayev də Sputnik-ə açıqlamasında deyib ki, bunu müsbət qiymətləndirdiyini bildirib: "Azərbaycanda bir çox sahələrdə, o cümlədən məhkəmə sistemində mütərəqqi və şəffaflığa doğru bir çox işlər həyata keçirilir. Bütün məsələlər ondan ibarətdir ki, Azərbaycan insanına rahat olsun, həm də daha ədalətli, şəffaf, aşkar məhkəmə işləri olsun. Buna müsbət baxıram".

© Photo : REPORTMilli Məclisin deputatı Rövşən Rzayev
Milli Məclisin deputatı Rövşən Rzayev - Sputnik Azərbaycan
Milli Məclisin deputatı Rövşən Rzayev

Hüquqşünas Elyar Həsənov da bu yeniliyin müsbət nəticələr doğuracağını düşünür. "Çünki, əvvəllər müəyyən şübhələr olurdu, bəzən insanlar o məsələlərə şübhə ilə yanaşırdılar. Reallıq ondan ibarətdir ki, hakim insandır və müəyyən obyektiv və subyektiv amillər onlara təsir edə bilirdi. Və yaxud hansısa müəyyən şəxslər müxtəlif yollarla təsir etmək istəyirdilər ki, onlara bilavasitə yaxın olan hakimlər işə baxsınlar", — o, Sputnik-ə açıqlamasında bildirib.

"Lakin, avtomatlaşdırılmış qaydada bölgü olanda bu, istisna edilir. Yəni, konkret olaraq qabaqcadan planlaşdırılan şəxslərə düşmə məsələsi olmur", — mütəxəssis vurğulayıb.

Hüquqşünas bildirib ki, əvvəllər iş bölgüsünün aparılması məhkəmə sədrlərinin səlahiyyəti idi: "Bəzən vətəndaşlar onun obyektivliyinə şübhə ilə yanaşırdılar. Bu yenilik artıq bir neçə ildir ki, Yasamal Rayon Məhkəməsində tətbiq edilir. Yavaş-yavaş maddi-texniki baza gücləndikcə bütün məhkəmələrdə tətbiq ediləcək".

"Bu, müsbət haldır. Prezident tərəfindən məhkəmə hakimiyyətinin təşkili və təkmilləşdirilməsi mütəmadi həyata keçirilir. Yeni məhkəmə binaları istifadəyə verildikcə, maddi-texniki baza gücləndikcə bütün məhkəmələr də bu sistemə keçid alır. Artıq məhkəmələrin qərarları elan edildiyi günün ən geci səhərisi Bakı Apellyasiya Məhkəməsində elektron vasitələrində işlərin nəticələri bilinir", — E. Həsənov qeyd edib.

© © E.Həsənovun şəxsi arxivindənVəkil Elyar Həsənov
Vəkil Elyar Həsənov - Sputnik Azərbaycan
Vəkil Elyar Həsənov

Xatırladaq ki, bundan əvvəl işlərin hakimlərin arasında bölüşdürülməsi məhkəmə sədri tərəfindən həyata keçilirdi. Onu da qeyd edək ki, Prezidentin həmin sərəncama əsasən "Elektron məhkəmə" sisteminə aşağıdakılar daxil edilməlidir: ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulu; cinayət işləri, mülki, inzibati, iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə icraatın elektron qaydada aparılması və sənədlərin elektron dövriyyəsi; məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünün aparılması; məhkəmədə işlərə baxılması vaxtlarına dair elektron cədvəlin tərtib edilməsi; məhkəmə prosesində iştirak edən şəxslərə məlumatların elektron qaydada (elektron poçt, SMS məlumatlandırma və s.) çatdırılması; məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınması və onları onlayn rejimdə müşahidə etmək imkanının yaradılması; işlər üzrə prosessual müddətlərə riayət olunmasına nəzarət edilməsi və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici funksiyalara malik olması; qəbul edilən məhkəmə qərarlarının icraya yönəldilməsinin və icra prosesinin izlənilməsi; sistemdə proses iştirakçısının iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq imkanlarına malik "şəxsi kabineti"nin yaradılması, məhkəmə statistikasının elektron qaydada aparılması; məlumatların sistemləşdirilmiş şəkildə saxlanılması və s. mütərəqqi yeniliklər.

Xəbər lenti
0