BAKI, 25 okt — Sputnik. Orqanizmin bütün hüceyrələrinin normal fəaliyyəti üçün su lazımdır. Kəskin susuzlaşma bir çox ağır pozulmalara yol açır və hətta insanın ölümünə səbəb ola bilər.
Lakin həddindən artıq su içmək də ziyanlıdır. Xüsusilə insan bunu qısa bir müddət ərzində etdikdə. Sputnik bu barədə saglamolun.az-a istinadən məlumat verir.
Amerika alimlərinin tanınmış 8X8 su qəbulu formulu var. Bu o deməkdir ki, gün ərzində 8 dəfə 1 stəkan su içilməlidir. Beləliklə, gün ərzində 8 stəkan su alınır. Ancaq bu, dəqiq rəqəm deyil. İnsanın bədən çəkisindən, fizki aktivliyindən, qidalanmasından, havanın temperaturundan və s. amillərdən asılı olaraq bu rəqəm daha az və ya daha çox ola bilər.
Son zamanlar su içmək "dəbə" çevrilib — KİV-i insanlara daha tez-tez və daha çox su içməyi tövsiyə edirlər, su əsasında hətta xüsusi pəhrizlər tərtib olunur və s. Lakin hər şeydə olduğu kimi, su içmək kimi faydalı vərdişi ifrata çatdırmaq olmaz. Bu, çox təhlükəli ola bilər və su intoksikasiyası kimi ağır pozulmanın inkişafına səbəb ola bilər.
Qısa bir müddət ərzində çoxlu su içən insanın böyrəkləri bu suyu orqanizmdən xaric etməyi çatdırmır ki, nəticədə qanın həcmi artır. Bu isə ürək və damarların həddindən artıq yüklənməsinə, arterial təzyiqin artmasına səbəb olur. Ürək-damar sistemində hər hansı pozulmalar olan insanlar üçün bu xüsusilə təhlükəlidir. Ürəkdən əlavə böyrəklər də yüklənir və daha gərgin rejimdə işləyir.
Bundan əlavə suyun birdən çoxlu miqdarda qəbulu beyin üçün ziyanlı ola bilər və beyin hüceyrələrinin ödeminə səbəb ola bilər.
Bütün bunları nəzərə alaraq həkimlə suyu az-az və tez-tez içməyi tövsiyə edirlər. Hətta güclü susuzluq zamanı birdən çoxlu su içmək olmaz.