BAKI, 25 okt — Sputnik. "Sarı gəlin" mahnısı oğuz igidlərindən biri olan Xaqan adlı gəncin Flavian adlı (Flavian sözünün yunancadan tərcüməsi "sarı" deməkdir. Adın Azərbaycan versiyası Saradır) yunan gözəlinə olan sevgisindən yaranmış bir eşq naləsidir. Flavianın atası, qızını siyasətin qurbanına çevirərək, Lakabos adlı yunan sərkərdəsinə ərə vermək istəyir. Bundan xəbər tutan Xaqan qızı qaçırır.
Az sonra, Xaqan toy rüxsəti almaq üçün Qazan xanın yanına gedir. Bundan istifadə edən Lakabos Flaviana sahib çıxmağa çalışır. Öz təmiz sevgisini ləkədən qorumaq üçün, Flavian özünü Arpa çayına atır və elə bu hadisədən də, Azərbaycan musiqisinin daha bir incisi "Apardı sellər Saranı" mahnısı yaranır.
Gənclər və İdman Nazirliyi tərəfindən gənclər arasında mədəni irsin təbliğ edilməsi, xalqımızın dünya musiqi xəzinəsinə bəxş etdiyi "Sarı gəlin" mahnısının yaranma tarixini faktlar əsasında dəqiqliyi ilə tamaşaçılara daha yaradıcı şəkildə təqdim etmək məqsədi ilə 27 oktyabr saaat 19.00-da da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında layihənin təqdimatı keçiriləcək. Nazirliyin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, layihənin keçirilməsində əsas məqsəd gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması, adət və ənənələrin onlar tərəfindən qorunub saxlanması və təbliğ edilməsidir.
3 hissədən ibarət olacaq layihənin ilk bölümündə yerli və xarici qonaqlar əvvəlcə foyedə qurulmuş "Azərbaycan musiqisi tarixinə səyahət" adlı sərgi ilə tanış olacaqlar. Sərgidə qonaqlar Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi tərəfindən layihədə sərgilənmək üçün təqdim edilmiş qədim musiqi alətləri, eyni zamanda Bakı Milli Geyim Evi tərəfindən hazırlanmış qədim və milli geyimlərlə tanış olacaq, milli ornamentli xalçalarımıza baxış keçirəcək, milli və tətbiqi sənət məhsulları ilə tanış olacaqlar. Qeyd edək ki, sərgidə qonaqlar üçün muğam və milli musiqilər səsləndiriləcəkdir.
Daha sonra teatrın zalında "Sarı gəlin" mahnısının tarixçəsi haqqında hazırlanmış videomaterialın təqdimatı keçiriləcəkdir. Video materialda "Sarı gəlin" layihəsinin elmi rəhbəri, AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü,əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov və Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülzar Abdullazadənin mahnının yaranma tarixi haqda təqdim etdikləri faktlar müsahibələr şəklində nümayiş olunacaq.
Sonda 150 nəfərə yaxın tələbə və aktyorun iştirakı ilə hazırlanmış "Sarı gəlin" tamaşası təqdim etdiriləcək. Tarixi faktlar əsasında hazırlanmış tamaşanın rejissoru respublikanın əməkdar artisti Nicat Kazımovdur. Məlumat üçün bildirək ki, təqdimat mərasimində dövlət və hökumət nümayəndələrinin,millət vəkillərinin və xarici ölkə səfirlərinin iştirakı nəzərdə tutulur.