BAKI, 25 okt — Sputnik. Bitkilərin yarpaqlarında, çiçəklərində və gövdəsində immun sistemini möhkəmlədən müxtəlif vitaminlər mövcuddur. Əsas onları düzgün seçə bilməkdir. Sputnik tanınmış gürcü bitki bilicisi Tengiz Maysuradze ilə söhbət edib. Maysuradze oxucular üçün 6 ən faydalı bitkini toplayıb. Onlar təkcə immunitetin artırılması üçün deyil, həm də sətəlcəm, qrip və bronxitlə mübarizə üçün də effektivdirlər.
Biyan kökü – yuxarı nəfəs yollarının xəstəliyi zamanı öskürək əleyhinə gözəl vasitə, həmçinin onikibarmaq bağırsağın xorası zamanı və yüksək turşululuq dərəcəsi olan qastritin müalicəsində faydalıdır.
Hazırlama və istifadə üsulu: bir xörək qaşığı üyüdülmüş biyan kökünün üzərinə 1 stəkan qaynar su tökün və orta temperaturda 10 dəqiqə qaynadın. Sonra soyudun, tənzifin arasında sıxın və bir xörək qaşığını gündə 4-5 dəfə qəbul edin. Əks-göstərişlər aşkarlanmayıb.
Cökə – soyuqdəymə, öskürək, boğaz ağrısı (angina), ağız boşluğunda soyuqlama zamanı istifadə olunur. Hazırlama və istifadə üsulu: 2 xörək qaşığı üyüdülmüş cökə çiçəyinin üstünə iki stəkan qaynar su tökərək 1 saat saxlamaq, sonra süzmək lazımdır. Onu gündə 2 dəfə 200 millilitr çay şəklində qəbul etmək lazımdır. Əks-göstərişlər aşkarlanmayıb.
Exinaseya – immunitetin artırılması üçün istifadə olunur, sətəlcəmə qarşı effektiv vasitədir.
Hazırlama və istifadə üsulu: 2 xörək qaşığı exinaseyanın üzərinə 0,5 litr qaynar su əlavə olunur. İki saat saxlanıldıqdan sonra süzülür. Gündə 200 millilitr çay şəklində qəbul etmək lazımdır, bal əlavə etmək olar. Əks-göstərişlər aşkarlanmayıb.
Qara qarağat — qastrit, mədə və 12 barmaq bağırsaq xorası, səsin batması, öskürək, sidik problemləri, sətəlcəm, böyrək və sidik kisəsində daşlar, həmçinin revmatizm zamanı istifadə olunur.
Hazırlama və istifadə üsulu: bir çay qaşığı üyüdülmüş qara qarağatın üzərinə 1 çay stəkanı qaynar su tökün və 1-2 saat saxlayın. Gündə bir neçə dəfə xörək qaşığı ilə qəbul edin. Öskürək və ya batmış səs zamanı ona bal da əlavə etmək məsləhət görülür. Əks-göstərişlər aşkarlanmayıb.
Eleuterokokk – aktiv şəkildə təngnəfəslik, əsəb sisteminin pozğunluğu, xroniki şüa xəstəlikləri, aşağı qan təzyiqində istifadə olunur. Məhlul iş qabiliyyətini, əqli imkanları, iştahanı və orqanizmin gücünü artırır, yuxunu nizamlayır və əhval-ruhiyyəni qaldırır. İdmançıları ondan güc və enerjinin artırılması üçün istifadə edirlər.
Hazırlama və istifadə üsulu: 50 qr üyüdülmüş gövdənin üzərinə 0,5 litr 40%-lik spirt əlavə edin və mütəmadi qarışdıraraq bir həftə saxlayın. Bir ay ərzində gündə 2-3 dəfə 1 çay qaşığı qəbul edin. Əks-göstərişlər aşkarlanmayıb.
Adaçayı – yuxarı nəfəs yollarının xəstəliyi, burun-udlaq sətəlcəmi, irinli yaralar, stomatitin müalicəsi zamanı effektivdir.
Hazırlama və istifadə üsulu: iki xörək qaşığı üyüdülmüş adaçayının üzərinə 1 çay stəkanı qaynar su əlavə edin və 2 saat saxladıqdan sonra tənzifin arasına qoyub sıxın. Yeməkdən əvvəl gündə 3 dəfə 1/3 stəkan qəbul edin.
Hamiləlik, böyrəklərin soyuqlaması zamanı məsləhət deyil. Üç aydan artıq qəbul etmək olmaz, çünki uzunmüddətli qəbul selikli qişanı qıcıqlandıra bilər. Çay şəklində həmçinin cökə, adaçayı və qara qarağatın qarışığını da içmək olar. O sətəlcəm, qrip və bronxit zamanı effektivdir.