ELM

Uşaq bağçalarının özəlləşdirilməsi böyük fəsadlara səbəb olacaq

Abunə olmaq
Azərbaycanda bağçaların özəlləşdirilməsi təklifi ekspertlərin narazılığına səbəb olub

BAKI, 25 okt — Sputnik. Ötən həftə parlamentin Elm və təhsil komitəsinin iclasında "Məktəbəqədər təhsil haqqında" yeni qanun layihəsi müzakirə olunub. Komitə sədri İsa Həbibbəyli bildirib ki, Azərbaycanda fəaliyyət göstərən özəl uşaq bağçalarında fərqli qiymətlər olur: "Hətta Bakı şəhərində eyni imkanlara malik bağçalarda da fərqli qiymətlər qoyulub. Bu gün bəzi bağçalarda bir uşaq üçün ödəniş haqqı 300, digərində 500 manat təşkil edir. Hətta elə uşaq bağçaları var ki, orada qiymətlər bir az da artıqdır. Bütün bunları nəzərə alaraq, orta qiymət meyarı tapmaq lazımdır. Təbii ki, bunu da həmin uşaq bağçasının imkan və şəraitlərinə görə tənzimləmək olar".

© Photo : APAKamran Əsədov, təhsil üzrə ekspert
Kamran Əsədov, təhsil üzrə ekspert - Sputnik Azərbaycan
Kamran Əsədov, təhsil üzrə ekspert

Komitə sədri deyib ki, məktəbəqədər təhsil müəssisələri özəlləşdirilməməlidir: "Lakin özəlləşdirilərsə belə, onların təyinatı dəyişdirilməməlidir. Qanun layihəsinin hazırlıq variantında uşaq bağçalarının özəlləşdirilməməsi qeyd edilib. Amma sonradan aparılan araşdırma nəticəsində məlum oldu ki, bəzi rayonlardakı uşaq bağçalarına maliyyə yardımları ayırmaq bir az çətin olur. Ona görə də məcburən dövlətin tikib istifadəyə verdiyi bir çox bağçaların inkişafı və fəaliyyətini davam etdirməsi üçün, onların özəlləşdirilməsinə ehtiyac var. Bu səbəbdən təyinatı dəyişmədən məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi mümkün hal hesab edilir".

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Məsələ ilə əlaqədar təhsil eksperti Kamran Əsədov Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsinə heç bir ehtiyac yoxdur: "O sahələrin özəlləşdirilməsinə ehtiyac var ki, onların özəl sektoru yoxdur. Hazırda ölkədə kifayət qədər məktəbəqədər təhsil müəssisələri mövcuddur. Hesab edirəm ki, həmin təhsil müəssisələrinin özəlləşdirilməsinin arxasında bəzi məmurların biznes maraqları dura bilər".

"Sadəcə olaraq onların fəaliyyəti ilə bağlı yeni qanun layihəsi hazırlanmalı və nəzarət gücləndirilməlidir. Bağçalarda tərəqqinin olmasını istəyirlərsə, kadr təminatı məsələlərinə xüsusi diqqət ayrılmalıdır. İlk addım bağçaların icra hakimiyyətlərindən alınıb, yenidən Təhsil Nazirliyinə qaytarılmasıdır. Yaxud onlar üçün ayrıca təşkilatın, qurumun yaradılmasıdır. Çünki, bağçalar təhsilin əsasını təşkil edir. Bağçaları özəlləşdirmək yerinə onlara diqqət və qayğı artırılmalıdır", — K. Əsədov bildirib.

Onun fikrincə, uşaq bağçaları özəlləşsə, tamamilə sıradan çıxacaq: "Bütün ailələrin maddi imkanı yoxdur ki, uşaqlarını bura göndərsinlər. Onsuz da qeyri-rəsmi olaraq valideynlər dövlət bağçalarına ay ərzində 30-50 manat pul verirlər. Bunun maliyyə yükünü azaltmaqdan ötrü minimum və maksimum həddə ödəniş qoymaq olar. Onsuz da dövlət bağçalarında uşaqlara verilən qida plan üzrə deyil. Yəni, əksinə burada yüksək səviyyədə qida nəzərdə tutulsa da, müəyyən aidiyyəti dövlət qurumları və bağça, müəssisə rəhbərliyi tərəfindən böyük əksəriyyəti mənimsənilir. Uşaqların qidalanması çox bərbad vəziyyətdədir. İlk olaraq kadr təminatı ilə ciddi məşğul olmaq lazımdır".

Ekspertin qənaətincə, bağçalar özəlləşərsə, onların yeri iri şirkətlərə satılacaq: "Burada daha çox binalar və s. tikiləcək ki, bu sahənin də məhvinə gətirib çıxardacaq".

© Photo : STRƏjdər Ağayev, təhsil eksperti
Əjdər Ağayev, təhsil eksperti - Sputnik Azərbaycan
Əjdər Ağayev, təhsil eksperti

Azərbaycan Təhsil Şurasının (ATŞ) sədri, professor Əjdər Ağayev də, dövlət bağçalarının özəlləşdirilməsi məqbul hesab etmir. "Konstitusiyamıza görə, hər bir vətəndaşın təhsil almaq hüququ var və dövlət onu təmin edir. İcbari təhsil qanunumuz var və bu da yerinə yetirilməlidir", — deyə o, Sputnik-ə açıqlamasında bildirib.

Ekspertin fikrincə, sosial bərabərsizliyin çox olduğu indiki şəraitdə bütün dövlət bağçalarının özəlləşdirilməsi fəsadlara səbəb olar: "Ümumiyyətlə, dövlət, təhsil sisteminin bütün mərhələlərində kadr hazırlığını öz nəzarəti və təchizatı ilə öndə tutmalıdır. Hər bir dövlətdə belədir. Kim istəyirsə ki, özəl bağça açsın bu, tamamilə ayrı məsələdir. Amma mövcud dövlət bağçalarını özəlləşdirmək əksəriyyətin mənafeyinə uyğun deyil".

Xəbər lenti
0