BAKI, 23 okt-Sputnik. Zərdab rayonunda tük ürpədən cinayət baş verib.
Sputnik-in məlumatına görə, oktyabrın 23-də, səhər saatlarında Zərdab rayonunun Yarməmmədbağı kəndində ər arvadını xüsusi amansızlıqla qətlə yetirib.
1983-cü il təvəllüdlü kənd sakini Aqşin Usub oğlu Astanov, həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rüksanə Rüstəm qızı Atsanovanın başını kəsərək qətlə yetirib.
Rayondakı şəxsi təsərrüfatlardan birində çobanlıq edən Astanov ailə-məişət zəminində həyat yoldaşını qətlə yetirəndən sonra özü hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Hadisənin detalları hələlik məlum deyil.
Sadəcə məlum olan odur ki, Aqşin Astanov Rüksanə Astanovadan əvvəl iki dəfə ailə həyatı qurub. Onun sonuncu nikahdan 3 uşağı var. Kənd sakinlərinin sözlərinə görə, Astanov əvvəlki həyat yoldaşları ilə sərt xasiyyəti və aşırı qısqanclığı ucbatından ayrılıb. Sonuncu həyat yoldaşı ilə də tez-tez mübahisə edirmiş.
Qətl faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.