BAKI, 22 okt – Sputnik. Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş sərhəd bölgəsində bundan sonra da ola biləcək bütün təhdidlərə qarşı hazırlıqlar görüldüyünü bildirərək vətəndaşların narahat olmamasını istəyib.
Sputnik TRT-yə istinadən bildirir ki, N.Kurtulmuş, “twitter” hesabından Mosul əməliyyatıyla bağll dəyərləndirmələrini paylaşıb.
O, əməliyyatdan sonra Mosulda yerlilərin yerinə başqalarının yerləşməsinə Türkiyənin razı olmayacağını bildirərək deyib: "Mosul nə amerikalıların, nə də iranlılarındır, Mosul mosullularındır. Bölgədə bura qədər kimlər yaşayıbsa, bundan sonra da onlar yaşayacaq. Mosul üzərində yeni bir vəkalət döyüşü başlayarsa, bu, üçüncü dünya müharibəsinə səbəb olar”.
Numan Kurtulmuş “Türkiyə Mosula niyə qarışır” deyənlərə isə "Köç dalğası olanda mosullular nə Vaşinqtona, nə Milana, nə də Berlinə getməyəcək, Türkiyəyə üz tutacaqlar", deyib.