BAKI, 21 okt — Sputnik. "Türkiyə Mosulun qan gölünə çevrilməsinə imkan verməyəcək". Sputnik Trt-yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş deyib.
"Mosul bizim mənəvi sərhədlərimizin daxilində olan bir yerdir. Heç kim səhv anlamasın. Heç kəsin bir qarış torpağında gözümüz yoxdur, lakin Mosulun "qan çanağı"na dönməsinə də imkan vermərik", — Kurtulmuş bildirib.
Onun sözlərinə görə, bu şəhərdə əsrlərcə yaşayan türkmənlər, ərəblər, yezdilər, kürdlər və başqaları var: "Bunlar qiyamətə qədər birlikdə yaşamağa davam edəcəklər. İndi "Mosulu İŞİD-dən təmizləyirik" deyərək radikal Haşdi Şabi, PKK-PYD təşkilatlarını ora gətirməyin. Bölgə xalqı necə istəyirsə, elə yaşasın".
Baş nazirin müavini sonda əlavə edib ki, hərbi əməliyyatlar Türkiyənin təyin etdiyi ölçülər səviyyəsində aparılır.