BAKI, 21 okt — Sputnik. Bir neçə gün öncə Azərbaycan prezidenti İlham Əliyev, Sputnik Beynəlxalq İnformasiya Agentliyinə verdiyi geniş müsahibədə xarici və daxili siyasətlə yanaşı, ölkə istisadiyyatı ilə bağlı da maraqlı açıqlamalar verib. Prezident neftdən asılılığın azaldılması, ölkənin özünü ərzaqla təmin etməsi, o cümlədən ixtisar olunan dövlət sərmayələri haqda diqqətçəkən məqamlara toxunub.
Sputnik İlham Əliyevin həmin müsahibədə səsləndirdiyi bəzi fikirlərə millət vəkili Vahid Əhmədovun münasibətini öyrənib.
- Prezident İlham Əliyev Sputnik Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsi zamanı deyib ki, ölkənin neftdən asılılığı azalıb. O, həmçinin qeyd edib ki, ərzağa olan daxili tələbatımızı praktiki olaraq təmin edə bilirik. Sizcə bu durum cəmiyyətdə necə hiss olunur?
— Əslində, bu proses çoxdan gedir. Neftdən asılılığı azaltmaq üçün cənab prezident hələ 2004-cü ildə hökumətin qarşısında iki məsələ qoymuşdu. Biri qeyri-neft sektorunun inkişafı, ikincisi də Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması idi. Hazırda ərzaqla təmin edilmə ilə əlaqədar ciddi addımlar atılır. Ancaq mən deyərdim ki, 100 % olmasa da, 70-80% özümüzü ərzaqla təmin edirik. Və bu yaxınlarda, Nazirlər Kabineti qərar verdi, bəzi ərzaq məhsullarına tətbiq olunan gömrük rüsumları artırıldı. Daxili bazarı qorumaq üçün belə bir addım atıldı. Və faktiki olaraq bazarda elə də ciddi qıtlıq hiss eləmədik. Düzdür, müəyyən qədər qiymət siyasətində problemlər yarana bilər, lakin bu, bir müddət sonra stabilləşəcək və həllini tapacaq. Yalnız taxılla əlaqədar problemimiz var. Çünki hələlik taxılla özümüzü təmin edə bilmirik. Bu məhsulu xaricdən idxal edirik. O cümlədən də, bir neçə məhsul. Lakin ümumilikdə götürəndə, xaricdən asılılıq böyük ölçüdə azalıb.
- İlham Əliyev gələn il üçün neftin 1 barelini 40 dollardan hesabladıqlarını deyib. Və neftin qiymətinin bundan aşağı olmayacağına dair gözləntisini açıqlayıb. Sizin bu barədə ehtimalınız nədir?
— Bəli, dövlət büdcəsində neftin bir bareli üçün 40 dollar götürülüb. Hesab edirəm ki, 2017-ci ildə neftin qiyməti 40-50 dollar səviyyəsində olacaq. Hətta elə də ola bilər ki, 1 barel neftin dəyəri 50 dollardan aşağı düşməsin. Büdcənin neftin qiymətini 40 dollardan götürməsi çox optimist variantdır. Bu variantı mən də dəstəkləyirəm. Çünki, öncəki çıxışlarımda da qeyd eləmişdim ki, gələn il üçün qiyməti 40 hesablamaq lazımdır. Çünki, vəziyyəti əks etdirən real variant budur.
- Dövlət başçısı müsahibəsi zamanı onu da deyib ki, "yeganə ixtisar etdiyimiz dövlət sərmayə layihələridir". Və bunun belə daha yaxşı olduğunu söyləyib. O, qeyd edib ki, "pul çox olanda müxtəlif dövlət qurumlarından çoxlu sifarişlər olurdu, nəticədə pula tam düzgün qənaət edilmirdi". Bu açıqlamaya da münasibətinizi öyrənmək istərdik…
— Bəli, əsas bir neçə layihə var ki, onlar həyata keçirilməlidir. Bakı-Tiflis-Qars dəmiryolu xəttini bitirməliyik. Bundan başqa TANAP-TAP layihələri var. Bunları başa çatdırmalıyıq. Çünki ən əsas layihələr, məhz sadaladıqlarımdır. Digər xırda layihələr faktiki olaraq hələlik həyata keçirilmir. Çünki dövlət büdcəsində bir neçə investisiya layihələri kəskin şəkildə aşağı salınıb ki, pula düzgün qənaət olunsun.