BAKI, 21 okt — Sputnik. Belarus 2019-cu ilin Avropa Oyunlarını qəbul etməyə hazırdır. Sputnik Belarus xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Avropa Olimpiya Komitəsinin prezidenti səlahiyyətini icra edən Yanez Koçiançiçlə keçirdiyi görüş zamanı bəyan edib.
Dövlət başçısı qeyd edib ki, AOK hər zaman Belarusa arxalana bilər: "Biz superdövlət deyilik, amma idmana həmişə böyük diqqət ayırırıq".
O, həmçinin əlavə edib: "Çox istəyirəm ki, bizim Avropa təşkilatı heç bir halda digər qitələrin təşkilatlarına, o cümlədən Beynəlxalq Olimpiya Komitəsinə güzəştə getməsin. Mən bu məsələdə millətçi və vətənpərvərəm. Buna görə də, siz Belarusa arxalana bilərsiniz".
"Əgər siz bu təşkilat çərçivəsində istənilən tədbiri bizdə keçirməyi arzulasanız, biz istənilən vaxt bizim təşkilatı dəstəkləməyə və istənilən tədbiri təşkil etməyə hazırıq" — deyə Lukaşenko bildirib.
"Biz sizinlə tarixi qərar qəbul etdik, 2019-cu ildə Avropa idmançılarını bura, bizim Olimpiadaya toplayacağıq" — deyə Belarus prezidenti bəyan edib.
Dövlət başçısı bildirib ki, o, Belarus tərəfinin AOK rəhbərliyi ilə danışıqlarından xəbərdardır. Bununla əlaqədar olaraq, o, bir sıra detalları müəyyənləşdirməkdə tələsməməyi tövsiyə edib: "Misal üçün, hansı idman növlərinin olacağını və Olimpiadanın Belarusda nə qədər vaxt davam edəcəyini müəyyənləşdirmək lazımdır. Mən onun tərəfdarıyam ki, bura maksimum çox idmançı dəvət olunsun. Bu, onların bayramıdır. Nə qədər çox idmançı olsa, bizim Avropa Təşkilatımızın da bir o qədər çox tərəfdarı olacaq. Və biz nə qədər çox idman növünü təşkil etsək, onlar bir o qədər inkişafa nail olacaqlar".
Belarus lideri, həmçinin 2019-cu ildə gənclər üzrə yarışların keçirilməsi məsələsini də diqqətə çatdırıb: "Biz bu yarışların da keçirilməsi məsələsinə baxacağıq. Əgər bizdə alınsa, əgər biri digərinə mane olmasa, biz onların hər ikisini Belarusda keçirə bilərik və o yarış bizim Olimpiadanı izləyər. Sizə necə uyğundursa. Biz bu detalları hələ öyrənməliyik".
Lukaşenko bu yaxınlarda — Rio-2016 Yay Olimpiya Oyunları zamanı bir sıra hüquq pozuntularında günahlandırılaraq həbs edilən, AOK prezidenti postunu tutmuş Patrik Hikkiyə dəstəyini də ifadə edib: "Bizim sizinlə ümumi yaxşı dostumuz var — cənab Hikki. Təəssüf ki, o, bu gün bizimlə deyil, amma mən əminəm ki, o, bizə qoşulacaq. Çünki bu gün bəzi dövlətlərin həyata keçirdiyi metodlar təkcə bizim idman üçün qəbuledilməz deyil, həmçinin bizim dünyanın inkişafı üçün qəbuledilməzdir. Tutmağa adam tapıblar… Adam necə milyon dollarlarla dəyəri olan biletləri kiminləsə bölüşə bilər? Heç olmasa, normal səbəb düşünərdilər".
Yanez Koçiançiç isə öz növbəsində bildirib ki, Belarus prezidentinin simasında təkcə bir dövlət başçısını deyil, həm də olimpiya hərəkatının bir dostunu görür: "Sizin dediklərinizin hamısı mənim fikirlərim və baxışlarımla tamamilə üst-üstə düşür".
Koçiançiç öz növbəsində qeyd edib ki, Belarusda bir sıra idman tədbirlərində iştirak edib və burada dünya səviyyəli tədbirlərin təşkili üçün əla infrastruktur var: "Bizim aldığımız bütün rəylər təkcə müsbət deyil, həm də həyəcanvericidir. Buna görə də biz sizin İkinci Avropa Oyunlarını keçirməklə bağlı hazırlığınızı yüksək qiymətləndiririk. Mən sizin bütün detalları diqqətlə nəzərdən keçirməklə bağlı fikirlərinizi tamamilə bölüşürəm".
AOK prezidentinin səlahiyyətlərini icra edən şəxs hesab edir ki, Belarusda keçirilən Avropa Oyunları Tokioda keçiriləcək Olimpiya Oyunlarından əvvəl seçmə mərhələ olmalıdır: "Bu, Belorusun növbəti dəfə digər Avropa ölkələrinə və bütün dünya dövlətlərinə öz unikallığını və idman sahəsindəki etibarlılığını nümayiş etdirmək üçün fürsət olacaq".
Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ildə Azərbaycanda keçirilib. 12-28 iyun tarixlərində Bakıda keçirilən bu idman yarışı İlk Avropa Oyunları kimi tarixə düşüb. Yarışlarda Avropanın 50 ölkəsinin 10 min idmançısı mübarizə aparıb. Bu zaman Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə edilib. Həmin idman oyunları təqviminə 30 idman növü daxil edilib. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-olimpiya növü olub. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıblar. Bu Oyunların rəsmi büdcəsi 1,12 milyard dollar təşkil edib. Satışa 600 min bilet çıxarılıb. Təşkilatı işlərə 15 min könüllü cəlb edilib.
Qeyd edək ki, daha əvvəl II Avropa Oyunlarının Niderlandda keçirilməsi planlaşdırılıb. Lakin sonra hollandlar "maliyyə səbəblərinə görə" bu tədbiri keçirməkdən imtina ediblər. Daha sonra bu oyunların Rusiyada keçiriləcəyi qeyd olunsa da, AOK-un baş katibi Rafaelo Panotssi deyib ki, Rio-de-Janeyroda keçirilən 2016-cı il Olimpiadasından sonra bu barədə Rusiya ilə razılaşma aktual deyil.