BAKI, 20 okt — Sputnik. Azərbaycan əhalisi arasında, daha ucuz başa gəlir deyə, birbaşa xaricdən mal almağa meyllənənlərin sayı artıb. Bunun da asan yolu onlayn sifarişdən keçir. Vətəndaş saytlarda məhsulun şəklini görür, seçimini edir və sifariş verir.
Amma son zamanlar bu sahədə bəzi problemlər meydana çıxıb. Belə ki, sifariş verilən məhsulun gecikməsi, sifariş verilən əşyanın əvəzinə başqa əşyanın çatdırılması, keyfiyyətinin qeyd olunduğundan aşağı səviyyədə olması və digər problemlərlə bağlı şikayətlərin sayı artmaqdadır.
Bundan əlavə, istehlakçı sifariş verdiyi, amma səhv çatdırılan, yaxud keyfiyyətsiz olduğu ortaya çıxan malı geri qaytarmaq istəyən zaman isə, yenə əngəllə üzləşir. Belə ki, çatdırma şirkəti onlarda "geri qaytarma" anlayışının olmadığını bildirir.
Problemi Sputnik-ə şərh edən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, istehlakçıların tələbatını ödəməyən məhsulların dəyişdirilməsi və qaytarılmasının mümkün olmaması məsələsi ildən-ilə ölkədə mürəkkəb problemə çevrilir: "Baxmayaraq ki, İqtisadiyyat Nazirliyi istehlakçı hüquqlarını qoruyan dövlət orqanı olaraq maarifləndirmə işləri aparır, əhaliyə maarifləndirmə mesajları göndərir, amma bu da heç bir nəticə vermir".
"Azad İstehlakçılar Birliyinə gələn şikayətlərin əksəriyyəti də, məhz onlayn ticarətlə bağlıdır. Xüsusilə, dərmanların 70 faizi saxta olur, mobil telefonlar nöqsanlı çıxır. Poçtla gələn, internet vasitəsilə sifariş verilən malların böyük əksəriyyətində problemlər yaranır. Yaxşı olar ki, onlayn sifariş zamanı həmin şirkətin Azərbaycanda yerli nümayəndəliyi olsun, əks halda heç kim onlayn nəsə almasın", — ekspert deyib.
Onun sözlərinə görə, "Elektron ticarət haqqında" Qanun qəbul olunmasına baxmayaraq, problem həllini tapmır: "Bu qanuna əsasən, istehlakçı 7 gün ərzində malı dəyişdirə və ya qaytara bilər. İstehlakçı qanunlarını qoruyan dövlət təşkilatının, demək olar, heç bir hüququ yoxdur ki, müdaxilə eləsin. Qanunlarda ciddi dəyişikliklər edilməlidir. Hökumət istehlakçıların xeyrinə vəziyyəti dəyişməlidir".
E. Hüseynov bildirib ki, İqtisadiyyat Nazirliyinin "qaynar xətti"nə edilən vətəndaş müraciətləri də nəticəsiz qalır: "Bu nazirlik istehlakçıların hüquqlarını qorumağa borcludur. Amma, ən yaxşı halda, istehlakçıya "gedin, məhkəməyə şikayət edin" cavabını verirlər".
Hüquqşünas Elyar Həsənov da Sputnik-ə açıqlamasında, onlayn sifariş verərkən, vətəndaşları diqqətli olmağa çağırıb: "Həyat qanunlardakı və hüquqlardakı kimi o dərəcədə də gözəl deyil. Qanunlarda vəziyyət normal olsa da, onların həyata keçirilməsi mümkündürmü? Qanun səni qoruya bilər, amma bunun üçün kifayət qədər vaxtın olmalıdır ki, sən qanunu bərpa edəsən".
"Birincisi, sən diqqət etməlisən ki, verdiyin sifarişlə bağlı lazım olan bütün şərtlər tənzimlənib. Elektron müqaviləni dəqiq bağlayırsansa, sifariş verdiyin mal dəqiq və keyfiyyətli gəlməlidir. Əks halda malı aldığın satıcıya geri qaytarmaq hüququn var. "Elektron ticarət haqqında" Qanunda göstərilir ki, istehlakçı maldan razı qalmadıqda və ölçülər uyğun gəlmədikdə, həmin malı geri qaytara bilər", — vəkil bildirib.
E. Həsənova görə, belə problemlərin yaranmaması üçün ən yaxşı yol onlayn məhsullardan uzaq durmaqdır: "Ümumiyyətlə, bir vəkil kimi məsləhət görürəm ki, elektron ticarətdən, maksimum dərəcədə az istifadə edəsiniz, elektron sifarişdən uzaq durasınız. Bilin ki, riskə gedirsiniz. Ən yaxşısı, normal alış-veriş mərkəzlərindən məhsul alın".